“Cybernet” MMC barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmaması) maddəsi ilə ittiham edilir.
İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq.
462.1-ci maddəyə görə vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
“Cybernet” MMC informasiya Texnologiyası xidmətləri və həlləri təqdim edən şirkətdir.
Şirkətin rəhbəri Emil Əmirov. O, bundan əvvəl “ATABank”ın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
“Cybernet” MMC-nin adına 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş Fazil Məmmədovun biznesi barədə araşdırma materiallarından rast gəlinir.