“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Euronews”a müsahibə verib.
Tribunainfo.az-ın məlumatına görə, o, Azərbaycanın idman ölkəsi olmasından və komandasının Çempionlar Liqasında iştirakından danışıb:
“Bizim Olimpiya, dünya çempionlarımız var, Azərbaycan idman ölkəsidir. Futbol bu gün elə səviyyədə gəlib çıxıb ki, uğur qazanmaq asan deyil. Çempionlar Liqasında zəif komanda yoxdur və bu cür komandalara qalib gəlmək məni sevindirməyə bilməz. Bu uğurlardan sonra bütün dünya bizimlə maraqlanmağa başladı. Hər zaman futbolçularıma deyirəm ki, biz daha inamlı, daha cəsarətli olmalıyıq. Uğur qazanmaq üçün bu vacibdir”.
Daha sonra Qurban Qurbanov qitənin ən nüfuzlu klub turnirinin liqa mərhələsinin ilk turunda “Benfika” ilə matçda 0:2 geri düşdükdən sonra etdikləri geridönüşdən söz açıb: “Bu cür komanda ilə oyunda 0:2 geri düşdükdən sonra 3 qol vurub qalib gəlmək böyük nailiyyətdir. “Benfika” elə komandadır ki, 3-cü, hətta 4-cü qolu vura bilərdi. Böyük komandalarla oyunda qələbəyə futbolçular daha çox sevinirlər. Həmin oyundan öncə nadir insanlar bizim qələbəmiz haqqında düşünürdü. Hətta bərabərliyi də görənlər az idi. Amma oyundan sonra bizim haqqımızda çox yazdılar, danışdılar. “Qarabağ”a əlavə inam yarandı”.