Son illər ürək problemlərinin artması və bu səbəbdən qeydə alınan ölümləri bir çoxu koronavirus peyvəndi ilə əlaqələndirir. Hətta iddialara görə, xüsusilə alman vaksinindən (Pfizer) sonra xeyli gənc insan ürək tutmasından ölüb. Belə iddialar son vaxtlar artsa da, bununla bağlı apardığımız kiçik araşdırma zamanı bir fakt tapa bilmədik.
Mövzunun aktuallığını nəzərə alaraq suallarımızı tibb üzrə professor Adil Qeybullaya ünvanladıq. Professor Tribunainfo.az-a açıqlamasında son vaxtlar ürəkdən ölənlərin sayının artdığını təsdiqləyib. Lakin professor bildirib ki, ürək problemlərinin artmasının səbəbləri müxtəlifdir:
“Ürək problemlərinin artmasının əsas səbəbləri həyat tərzi, zərərli vərdişlər, xolesterin artıqlığı, qidalanma və qidaların keyfiyyəti ilə bağlıdır. Bu sadaladıqlarımın öz faiz dərəcəsi, çəkisi var.
Son vaxtlar mən də şahidi olmuşam, ürək problemlərinin artmasına səbəb kimi koronavirus ərəfəsində vurulan peyvəndləri göstərirlər. Düzdür, bu virus yayılan ərəfədə yoluxmuş insanlar arasında ölüm hallarının artmasına səbəb həm də damarlarda yaranan tromblar idi. Ölənlərin bir hissəsi məhz bu səbəbdən dünyasını dəyişirdi. Xəstəliyi keçirən şəxslərdə müəyyən problemlərin yaranması mümkün ola bilər. Ancaq indi ürək problemlərindən ölüm hallarının artmasını koronavirus peyvəndləri ilə əlaqələndirmək absurd bir şeydir.
Hesab edirəm ki, bu, anti-vaksin kampaniyasından irəli gələn bir məsələdir. Ortada real bir fakt yoxdur. Fakt yoxdursa, belə bir məsələni iddia edə bilmərik. Onsuz da uzun müddətdir ki, ürək problemlərindən ölüm halları artıb. Bu hal korona yayılmazdan əvvəl də müşahidə olunurdu. İndi qeydə alınan ürək problemlərini korona peyvəndi ilə əlaqələndirmək düzgün deyil”.
A. Qeybulla əlavə edib ki, hazırda dünyanın aparıcı profilaktika mərkəzləri bununla bağlı ciddi iş aparır:
“Yaxın vaxtlarda bunun nəticələri də açıqlanacaq. Nəzərə almalıyıq ki, koronavirus hələ də tam olaraq bitməyib. Araşdırmalar yekunlaşandan sonra bizim əlimizdə elmi cəhətdən əsaslandırılmış məlumatlar olacaq. Ancaq indi heç bir fakt, sübut, elmi araşdırma olmadığı halda artan ürək problemlərini, ölümləri alman peyvəndi ilə əlaqələndirmək düzgün deyil.
Bunu iddia edən varsa, fakt, sübut qoymalıdır ortaya. Heç bir araşdırmaya əsaslanmayan iddialar insanları daha da qorxuya salır. Nəzərə alın ki, milyonlarla insan bu peyvənddən vurdurub”.
Nigar İxtiyarqızı











