Məlumdur ki, 11-25 noyabr tarixlərində Azərbaycanda COP29 tədbiri keçiriləcək. 80 minə yaxın xarici vətəndaşın ölkəyə gəlişi gözlənilir. Şübhəsiz ki, belə olan halda hotellərin hazırlığı olduqca vacibdir. Ümumiyyətlə, qarşıdakı dövrdə qiymətlərin bahalaşacağını, hətta indidən bunun hiss edildiyi ilə bağlı fikirlər səsləndirilir.
Bəs otellərin qiyməti həqiqətən də bahalaşacaqmı?
Tribunainfo.az-a açıqlama verən “Free Spirit Tours” şirkətinin meneceri Safura Həsənova bildirib ki, COP29 ərəfəsində artım görünür: “Bu da normal haldır. Çünki istənilən halda müəyyən dövlət tədbirləri, yaxud da dövlət səviyyəsində olan yarışlar, tədbirlər zamanı qiymətlərdə artım baş verir.
Bu qiymət artımı istər Bakı otellərində, istərsə də bölgələrdəki otellərdə müşahidə olunur. Amma tədbir bitəndən sonra qiymətlər standartlara uyğun olacaq və əvvəlki vəziyyətinə qayıdacaq”.
Dəniz Pənahova