COP29-un gözlənilməz qonağı: Talibanı Bakıya gətirən səbəblər…

COP29-un gözlənilməz qonağı: Talibanı Bakıya gətirən səbəblər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Qahar Bəlxi deyib ki, Taliban nümayəndə heyəti ilk dəfə Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək.
Əslində 15 avqust 2021-ci ilə qədər iki ölkə arasında münasibətlər ən üst səviyyədə idi. Prezident Əşrəf Qəninin hakimiyyəti Taliban hərəkatına təhvil verməsi fonunda münasibətlərdə müəyyən qırılmalar yaşandı. Digər ölkələr kimi rəsmi Bakı da Taliban rejimi ilə necə bir xarici siyasət izləyəcəyini müəyyən etməyə çalışırdı. Bu mənada Taliban nümayəndə heyətinin COP29-a qatılacaq olması müsbət hadisə kimi dəyərləndirilir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə çıxış edən siyasi şərhçi Turan Rzayevin sözlərinə görə, Taliban Əfqanıstanda real qüvvədir və bu qüvvəni tanımamaqdansa milli və regional maraqlar əsas alınaraq əməkdaşlığa başlamaq, təmaslar qurmaq mühümdür:

“Taliban nümayəndələrinin Bakıya gəlməsi iki ölkə münasibətlərində yaranan soyuqluğun aradan qalxması, tərəflərin bir-birini daha yaxşı tanımaq imkanları yarada bilər.

Taliban rejiminin Bakıdakı COP29 tədbirinə qatılması da səbəbsiz deyil:

Birincisi, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirsə də, ölkə hazırda beynəlxalq aləm tərəfindən təcrid edilib. Xüsusilə Qərb və bir çox islam ölkəsi Talibanın Əfqanıstandakı hakimiyyətini tanımır. Bu mənada Taliban COP29-a qatılaraq Əfqanıstandakı real hakimiyyət olduğunu sübut etmək və tanıtmaq istəyir.

İkincisi, Talibanın Əfqanıstandakı hakimiyyəti ələ keçirməsi dünya ictimaiyyəti qədər özləri üçün də ani oldu. Hələ də ölkəni idarə etməkdə ciddi çətinlik çəkirlər. Xüsusilə xarici investisiya və iri şirkətlər ölkəni tərk etdiyi üçün ciddi maliyyə böhranı yaşanır. Bu vəziyyətdən çıxmaq üçün Taliban COP29-u fürsət kimi görür.

Üçüncüsü, Taliban Azərbaycanla münasibətləri normallaşdırmaq, əvvəlki səviyyəyə qaytarmaq istəyir. Rejim başa düşür ki, Bakı Qərbdə ciddi nüfuza sahib müsəlman ölkələrdəndir. Yəni Azərbaycanla münasibətlərin normallaşması həm də Talibana Qərbin qapılarını aça bilər”.

Nigar