Cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29 konfransı çərçivəsində bir çox məhdudiyyətlər tətbiq olunacaq. Məsələn, tədbirə görə Azərbaycanda orta məktəblərdə payız tətilinin vaxtı dəyişdirilib. Nazirlər Kabinetinin qərarına görə, məktəblərdə payız tətili noyabrın 12-dən 22-dək olacaq.
Bundan başqa, Bakı və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonunda peşə və ali məktəblər distant təhsilə keçiriləcək. Tədbir günlərində paytaxtda nəqliyyatın hərəkətinin necə təşkil ediləcəyi barədə hələ ictimaiyyətə məlumat verilməyib.
Maraqlıdır, bu günlərdə paytaxtda toy mərasimləri keçiriləcəkmi? Mövzu ilə bağlı toylara gedən bir neçə müğənni ilə əlaqə saxladıq. Onların cavablarını təqdim edirik:
Müğənni Gülyaz Məmmədova Musavat.com-a bildirdi ki, COP29 konfransının keçirildiyi günlərdə ifaçı kimi toya çağırılmayıb:
“Çünki vəziyyəti hamı bilir də, məlum məsələdir. Ancaq konsertlərimiz, tamaşalarımız olacaq. Bu suala ən dəqiq cavabı dövlət deyə bilər: Toy etməyə qoyacaqlar, yoxsa yox”.
Müğənni Təranə Qumral da toy təklifi almadığını deyib: ”Noyabrın 7-dən 27-nə qədər toy təklifi almamışıq. Hamı bilir ki, toy yoxdur”.
Toylara tez-tez gedən Manaf Ağayev də həmin günlərdə toysuz qalacağını deyib.
“Toy yoxdur. Amma problem deyil. Mənim üçün heç bir çətinliyi olmayacaq”.
Müğənni Mətanət Əsədova isə toysuz qalmağın onun üçün maddi problem yaradacağını deyib: “Mətanətin ömür boyu həyatı da, işi də çətin olub. Həmişə necə dolanmışam, indi də elə olacaq. Allahı çağırıb, dolanacağam. Müğənninin işi qədər çətin iş dünyada yoxdur. Stressli, həyəcanlı, əsəb, yorğunluq. Bir toyda 500 üzlə qarşılaşırıq, yola verməliyik”.