“Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində minatəmizləmə əməliyyatlarına başlayıb”.
“Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində minatəmizləmə əməliyyatlarına başlayıb”.
Bu barədə TİA.AZ-a ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov bildirib. O qeyd edib ki, ANAMA-nın əməkdaşları Cocuq Mərcanlı kəndində texniki və tədqiqat işləri aparırlar: “Minatəmizləmə əməliyyatlarının aparılacağı ərazinin ölçüsü müəyyənləşdirilib. Belə ki, 300 hektar ərazidə əməliyyatlar aparılacaq. Uzun illər orada döyüşlər getdiyindən ərazidə partlamamış hərbi sursatların və minaların qalması ehtimalı böyükdür. Həmin ərazidə axtarışlarda xüsusi texnikalardan da istifadə olunacaq”.
A.Aslanov vurğulayıb ki, işlər iki mərhlədə həyata keçiriləcək: “İlk olaraq tikiləcək evlərin, həyatyanı sahələrin, yolların və kommunikasiya xətlərinin keçəcəyi ərazilərin təmizlənməsi nəzərdə tutulub. Daha sonra ətraf sahələr təmizlənəcək”.
Qeyd edək ki, yanvarın 24-də prezident İlham Əliyev “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sənəddə bildirilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.
Ölkə başçısının sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.