ABŞ sakini Bryus Martines “The Coca-Cola Company”, “Mondelez International” və digər doqquz sərinləşdirici içki və şirniyyat istehsalçısına qarşı məhsullarının uşaqlarda asılılıq və xroniki xəstəliklərə səbəb ola biləcəyi iddiaları ilə bağlı ilk dəfə məhkəmə iddiası qaldırıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Morgan & Morgan” hüquq firmasının saytında dərc edilmiş məlumatda deyilir.
Məlumata görə, iddiaçı adıçəkilən şirkətlərin məhsullarından, o cümlədən “Coca-Cola” və “Pepsi” içkilərindən, həmçinin “Mars” batonlarından istifadənin 16 yaşına kimi II tip diabet və qaraciyərin yağlanması xəstəliyinin yaranmasına səbəb olduğunu iddia edir.
İddia ərizəsində bildirilir ki, qida sənayesi nəhəngləri öz istehsallarında məhsulların yüksək dərəcədə emalına əl atırlar ki, bu da uşaqlarda asılılıq yaradır və xroniki xəstəliklərin inkişafına səbəb olur.
“Yüksək dərəcədə emal edilmiş qida məhsulları ilə bağlı faktlar şirkətlərin öz mənfəətlərini məhsullarını alan insanların sağlamlığı və təhlükəsizliyindən üstün tutmasının bariz nümunəsidir”, – hüquq firmasının tərəfdaşı Mayk Morqan bildirib.
Onun sözlərinə görə, qazlı içki və şirniyyat istehsalçılarının fəaliyyətlərinin nəticələrinin minlərlə uşağa və ailəyə zərər verməsi istisna deyil.
“Morgan & Morgan” hüquqşünasları, ABŞ-də emal olunmuş qidaların uşaqların rasionunun təxminən 67%-ni təşkil etdiyini göstərən araşdırmalara istinad edir.
Eyni zamanda, amerikalı böyüklərin ən azı 14%, uşaqların isə əna azı 12%-i bu qidalanma növündən asılılıq əlamətlərini göstərir.
İddia ərizəsində həmçinin yüksək dərəcədə emal olunmuş qidaların istehlakının xərçəng, ürək-damar xəstəlikləri, irritabl bağırsaq sindromu, demensiya və digər ciddi xəstəliklərə səbəb ola biləcəyini göstərən elmi məlumatlara istinad edilir.