Son günlər gündəmdən düşməyən mövzulardan biri də intihar hadisələridir. Əslində, həm ölkəmizdə, həm də bütün dünyada hər gün yüzlərlə insan intihar edir.
Son günlər gündəmdən düşməyən mövzulardan biri də intihar hadisələridir. Əslində, həm ölkəmizdə, həm də bütün dünyada hər gün yüzlərlə insan intihar edir.
Azərbaycanda tanınmış psixoloq Dəyanət Rzayevin intihar etməsi bu məsələnin nə qədər mühüm olduğunu bir daha gündəmə gətirdi. Bir psixoloq belə intihar zamanı öz psixoloji vəziyyətini idarə edə bilmirsə, demək ki, məsələnin çıxış yolu fərqlidir. İnsanları təəccübləndirir ki, bir psixoloq da canına qəsd edirsə, bəs digər insanlar psixoloji problemlərin öhdəsindən necə gəlsinlər?!
İntiharlarla bağlı bu statistikaya nəzər salaq: “Dünya Səhiyyə Təşkilatı dünyada hər 40 saniyədə bir intiharın, hər 3 saniyədə bir intihar təşəbbüsünün baş verdiyini, son 45 ildə intiharların 60% artdığını və intiharın bütün dünyada ilk 10 ölüm səbəbi arasında göstərildiyini bildirir. Bu rəqəmlərə görə, hər gün 3000 nəfər, hər 30 saniyədə bir nəfər intihar edir. Bütün ölümlərin təqribən 1%-ni intiharlar təşkil edir”. Göründüyü kimi, intiharlar dünya səviyyəsində çox ciddi problemdir. Bununla bağlı müxtəlif kitablar yazılır, psixoloji məsləhətlər verilir, verlişlər hazırlanılır.
İntiharların altında yatan yeganə səbəb insanların dindən uzaq həyat yaşamaları, Allah qorxularının olmamaları, dünyaya imtahan edilmək üçün gəlmələrini unutmalarıdır. Dünyanın harasında olmasından, maddi vəziyyətinin necə olmasından və kim olmasından asılı olmayaraq, insanlar Allahı tanımadıqları üçün xoşbəxt ola bilmirlər. Onlar daim xoşbəxtlik axtarışında olurlar, düşünürlər ki, dünyəvi üstünlüklərə sahib olsa və ürəklərincə yaşasalar, o zaman həyat da çox fərqli olar. Bu əsla belə deyil. İntiharları araşdırarkən belə nəticəyə gəlirlər ki, işsizlik, maddi sıxıntı, xəyanət, ailədaxili münaqişə kimi hallar intiharların başlıca səbəblərindəndir. Ancaq bəzən də qıraqdan heç bir problemi yoxmuş kimi görünən bir insan da intihar edə bilir.
Allaha inanan, Allahı sevən və axirət inancı olan insan isə hər nə qədər çətinlik və sıxıntı yaşasa da, əsla intihara yaxın durmaz, çünki intiharın cinayət olduğunu bilir. Digər tərəfdən, Allah bizi yaxşı və pis kimi görünən hadisələrlə imtahan edir, Allahın yaratdığı imtahan isə gücümüzün çatacağı imtahanlardır. Məsələn, götürək bir insanı … O insanın maddi sıxıntısı ola, işdən çıxarıla, ailəsində də mənəvi sıxıntılar ola bilər, bundan başqa ciddi xəstəliyə tutula, öhdəsində də kiçik yaşlı uşaqları ola bilər …. İnsan imtahan zamanı adi hadisəni belə gözündə böyüdüb canına qəsd etməyə çalışar, məsələn, bir gənci düşünək, sevgilisindən ayrıldığına görə artıq yaşamaq istəməyə bilər. Halbuki o insanla ailə həyatı qurmaq o gənc üçün gələcəkdə daha böyük problemlərə yol aça bilərdi. Bir sözlə, insan çətinlik zamanı yaşadığı hadisələrin xeyir və hikmətlərini görməyə bilər.
Ancaq Allahı sevən və Ona güvənən insan əsla Allahdan ümidini üzməz, istər böyük, istər kiçik olan hər hadisədə Allaha təvəkkül edər, Allahın yaratdığı hər şeyin xeyirli olduğunu bilər. Bu zaman həyat çox gözəl olar, o çətinliklər zamanı nəinki intihar etmək istəyər, əksinə, yaşadığı hadisələrə görə Allaha şükür edər, səbir etdiyi halda, Allahdan xeyir görəcəyini ümid edər, həm dünyada, həm də axirətdə bu əxlaqına görə mükafat alacağını bilər. Kənardan baxanda həmin insanın vəziyyəti hər nə qədər acınacaqlı görünsə də, bilinməlidir ki, Allah mütləq hər hadisəni bir çox hikmət və xeyirlə yaradıb. Digər tərəfdən, nə qədər problemi olsa da, imanlı insan dünyada özündən daha çətin vəziyyətdə yaşayan insanların halını düşünər, öz problemlərinin isə nə qədər bəsit olduğunu görər.
Nəticə etibarı ilə, intiharlarla bağlı müxtəlif təkliflər irəli sürürlər, ancaq unutmayın ki, intiharların qarşısı imanla alınar. Həll yolu axtarmaq istəyənlər bunu yanlış yerlərdə axtarmasınlar, Allah hər şeyi Quranda bizə açıqlamışdır. İnsanın xoşbəxt olması və sıxıntılardan azad olmasının da çıxış yolu Allah üçün yaşamasıdır.
Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad sürəsi, 28)
Bədirova Nəzakət