1992-ci il mayın 17-də Ermənistan ordusu Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək, Laçını işğal etdi. İşğal 18 mayda tam başa çatdı. Hər il mayın 18-i gələndə Laçın yada düşür, bir də növbəti gələn ilə kimi…
1992-ci il mayın 17-də Ermənistan ordusu Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək, Laçını işğal etdi. İşğal 18 mayda tam başa çatdı. Hər il mayın 18-i gələndə Laçın yada düşür, bir də növbəti gələn ilə kimi…
Düz 25 il əvvəl törədilən işğalın acı nəticələrini, bu gün də yaşayırıq. Damarında azərbaycanlı qanı axan hər kəs üçün ağır bir gün olsa da, bu günü laçınlılara təkrar xatırlatmaqla onların qaysaq bağlamış yarlarını təkrar qopardacağıq.
Keçmiş döyüşçü, Qarabağ qazisi Muradov Habil TİA.AZ-a açıqlamasında Laçınla bağlı son xatirələrini paylaş
“Laçın işğal olunanda polisdə çalışırdım. Bizi o vaxtlar özünü müdafiə batalyonunun tərkibinə daxil etmişdilər. Mən Milli Qəhrəmanımız İsrafil Şahverdiyevlə 13 nəfər olaraq, Şuşa və Laçın arasında yerləşən Böyük Kirs dağında postda idik. Məqsədimiz ikinci bir koridorun açılmasının qabağını almaq idi. Erməni dığalarının Kirsdən keçərək, Laçın – Qubadlı yolunu bağlamaması üçün çalışırdıq. Bir qrup döyüşçülərimiz isə indiki Xocavənd rayonu ilə Gorus arasından keçən Laçın -Qubadlı yoluna nəzarət etmək üçün Səfiyan- Mazutlu kəndinə göndərildi. O vaxtlar heç bir səlahiyyətimiz olmadığı üçün ancaq ordunun əmrinə tabe olurduq. Mən o vaxt şöbədə sürücü vəzifəsin də yerinə yetirirdim deyə Kirsdən geri qayıdanda mayın 16 -a kimi şəhərdə növbətçi zabit Nizami ilə yerli əhalinin köçürülməsinə nəzarət edirdik. Mayın 16-ı səhər rəisimiz Akif Səlimovun tapşırığı ilə Bakıya silah- sursat dalınca göndərildim. Gecəykən qayıdıb gələndə 17 -i axşamı artıq Güləbird kəndində post qurulmuşdu. Orda eşitdik ki, Laçın artıq verilib”.
H. Nuradov deyir ki, hadisələr o vaxtki 215 KL studiyasının əməkdaşı Çingiz Mustafayevin qərəzli çəkilişindəki kimi baş verməyib: “Çingiz Mustafayev Laçını tərk edən əliyalın camaatı orda atıb gedən orduya səslənirdi. Sadəcə montajda elə alınıb deyə indiyə kimi dəfələrlə müraciət etsək də baxılmamış qalıb.
Çingiz Mustafayevin çəkdiklərinin böyük əksəriyyəti həqiqətə söykənmir. Laçın barəsində çəkdikləri isə ümumiyyətlə həqiqət deyil, heç bir real fakt yoxdur. Çingiz deyir ki, Laçın artıq çıxıb, ancaq həmin vaxt Laçının kəndlərində döyüşlər gedirdi. Çingiz Laçının kəndlərində gedən döyüşlərdə olmayıb, o ancaq Laçın şəhərini çəkib. Əslində isə o milli ordunun geri çəkilən əsgərlərinə səslənirdi. Həmin çəkilişlərdə özüm də varam. Yazılarımda da onlara aydınlıq gətirmişəm. Dəqiq baxsaz görərsiz ki, bunlar ancaq hind kinolarındakı kimi şou yaradıblar.
O çəkilişlər tamamən döyüşdən kənar bir yerdə çəkilib. Bizdən xahiş edirdi ki, siz yalandan atəş açın mən reportaj hazırlamalıyam.
Siz deyin, Laçın döyüşməyibsə 334 şəhid tək Laçında hardan olub? 6 milli qəhrəmanı, 4 Qırmızı bayraq ordenli Laçın döyüşçülərimiz var”.
Həmsöhbətimiz deyir ki, Laçını geri qaytarmaq üçün çıxış yolu yalnız müharibədir: “Ermənilər sülh yoluyla torpaq almayıblar ki, sülh yolu ilə də geri versinlər. Düşmən də olsa qan töküb torpaq alıb. Biz də vuruşub, torpaqlarımızı geri almalıyıq. Yeganə yol Ali baş komandanın əmri ilə ancaq savaşa qalxmaqdır. Yetər artıq səbrimiz tükənib daha. 50 yaşımın 25 ilin torpağımızda Laçında olmuşam. 25 ildir ki, sanki yaşamıram. O vaxt 25 yaşım var idi, gənc idim. İndi də 25 yaşım var. Amma gənc deyiləm. Artıq ümidimiz tükənib, nə qədər səbr etmək olar?”.
Laçın sakini, tarix müəlliməsi Dünarə Əbdürrəhmanova 1992-ci il mayın 16-ı belə xatırlayır:
“1992-ci ilin 16 mayında artıq Laçında vəziyyət gərginləşmişdi. Laçın hər tərəfdən hücuma məruz qalırdı. Həmin vaxt mən tələbə idim. Bakı Dövlət Universitetinin Tarix fakultəsinin 3-cü kursunda oxuyurdum. Ermənilər bütün günü Laçını atəşə tuturdular. Əslində, 1988-dən bəri atışmalar gedirdi. Ona görə də Laçını rayonun özünümüdafiə batalyonları qoruyurdu. Hər bir kənd ayrı-ayrılıqda özünümüdafiə dəstəsi yaratmışdı. Sonradan o dəstələr birləşdi və ümumilikdə Laçın batalyonu yarandı. Təəssüf ki, hakimiyyət tərəfindən rayonun və ya kəndlərin müdafiəsi üçün heç bir köməklik edilmirdi. Əli silah tutan bütün kişilər gecə-gündüz kəndlərin sərhəddində keşik çəkirdilər. Yəni keşikçi məntəqələri qurulmuşdu. Demək olar ki, bütün rayon camaatı Laçının müdafiəsində iştirak edirdi. Həmin vaxt dəstələr yaradılmışdı, rejim qurulmuşdu. Cağazur kəndində qadınlar, kişilər növbə ilə kənddə keşik çəkirdilər”.
Müsahibimiz deyir ki, Laçında girov götürülmüş insanlardan bu gün də xəbər yoxdu. Cağazurdan isə 3 nəfər girov götürülüb: Mayıl Musayev, Xəqani Zeynalov, Əşdər Hüseynov.
“1992-ci ilin Xocalı faciəsinin ardınca Şuşa işğal olundu. Bu hadisələr müəyyən mənada laçınlılara təsir edirdi. Amma heç kəsin ağlına gəlməzdi ki, Laçın işğal oluna bilər. Çünki hamı evində işi-gücü ilə məşğul idi. İnsanlar bir növ ermənilərin açdığı atəşə öyrəşmişdi. Yadımdadır ki, atam xidməti maşınıyla bərabər minaya düşmüşdü. Sürücü də, atam da yaralanmışdı. Əslində, bizdə tez-tez bu cür hadisə baş verirdi deyə, adi bir hala çevrilmişdi. Demək olar ki, atəş səslərinə alışmışdıq. Bizim Cağazur kəndinin ərazisində 31-ci post var idi.
Kəndin bər neçə sakini gecə vaxtı ermənilər tərəfindən girov götürülmüşdü. Sonralar onların hara aparılması haqqında bir xəbər tuta bilmədik. Bizim kənd Ermənistanın Dığ kəndiylə yaxın idi. Həmin vaxtlarda avtobus işləmirdi. Kəndimizə getmək üçün əvvəllcə Ermənistana gedən avtobuslardan istifadə edirdik”.
VERTOLYOTLA GƏLİN GƏTİRİRDİLƏR
“1991-ci ildə toyum olub. Həmin vaxtlar toy etmək çətin idi. Ermənilər toy edilən həyətləri top atəşinə tuturdular. Hətta, Şuşadan Laçına gəlin gətirmək üçün vertolyotdan istifadə olunurdu. Çünki maşın yolu ilə qeyri-mümkün idi. İnsanlarda Xocalı faciəsindən sonra qorxu yaranmışdı. Kişilər axıra qədər Laçında vuruşub, onu müdafiə ediblər. Laçının özünümüdafiə batalyonuna Arif Paşayev rəhbərlik edirdi. Səhv etmirəmsə, aprel ayının 30-da onu batalyon komandiri vəzifəsindən kənarlaşdırmışdılar. Lakin batalyonda çaşqınlıq yaranmasın deyə, Arif Paşayev heç nə deməyib. Laçının müdafiəsində polis dəstələri də mühüm rol oynayırdı. Polis rəisi Akif Səlimov idi. Laçının müdafiəsində onların çox böyük xidmətləri olub”.
Laçınlı müsahibimiz deyir ki, rayondan çıxanda insanlar heç nə götürməmişdilər.Elə bilirdik ki, təkrar qayıdacağıq. Hamı geriyə-evinə, torpağına geri dönəcək. Ağlımıza da gəlməzdi ki, bir də Laçına qayıtmayaq. Çoxu heç sənədlərini belə, götürə bilməmişdi. Bəziləri qapını bağlayıb, yalnız evinin açarını, əynində tək paltarla çıxmışdı”.
Müharibə yoxsa sülh məsələsinə gəldikdə isə həmsöhbətimiz deyir ki, müəyyən hissə ərazini sülh yolu ilə geri qaytarmaq olsa da, müharıbə qaçılmazdır.
Laçınlı yazar-jurnalist Ramilə Qardaşxanqızı Laçınla bağlı xatirələrini belə dilə gətirir:
“Laçın barədə kimsə məndən soruşanda, istər-istməz gözlərim dolur. Çünki o torpaqlarla birlikdə mənim uşaqlığım, gəncliyim, bir sözlə, keçmişim və qismən də olsa gələcəyim işğal olunub. Ən əsası isə doğulub boya-başa çatdığım o yerləri görmək üçün gözlərim, toxunmaq üçünsə dizlərim göynəyir. Bəlkə elə buna görədir ki, vətənpərvərlik mövzusunda silsilə məqalələr müəllifiyəm. Həmin məqalələrdə Laçınla, kəndimiz Cağazurla bağlı xatirələrim var. Bu an nə desəm də, ürəyimdən keçənləri tam aça bilməyəcəm. Laçın ötən bu 25 ildə yadıma düşmür ki, 25 saniyəlik də olsa o torpaqları unudam. Bu əsla olmayıb, heç vaxt da olmayacaq. “Müharibəni bir dəfə görən üçün müharibə heç vaxt bitmir”. Laçın işğal olunanda səkkiz yaşım vardı, kəndimizdən demək olar ən son çıxanlardan biri də bizim ailə idi. Ruslara, rusiyaya bu gün də nifrət edirəm. Çünki o vaxt kəndimizə ruslardan ibarət briqada yerləşdirilmişdi və güya bizimlə birlikdə kəndi ermənilərdən qoruyacaqdılar, amma ən son məqamda bizi arxadan vurub aradan çıxdılar. Çox sonralar, ağlım kəsəndə anladım ki, buna siyasət deyilir. Elə o gündən də bu yöndə anti-simpatiyam formalaşdı. Beləcə, indi hərbi jurnalist kimi çalışıram, inşallah məqam gələcək ki, Laçın uğrunda növbəti döyüş başlayacaq və mən də ön sıralarda qələbə xəbərləri hazırlayacam. Buna inanıram”.
İlahə Cəfərli