Çin qızları, ümumiyyətlə Cənub-Şərqi Asiyanın bütün xanımları gənclik və gözəlliyin sirrini bilən qadınlar olaraq nüfuzlarını möhkəmləndiriblər.
Çin qızları, ümumiyyətlə Cənub-Şərqi Asiyanın bütün xanımları gənclik və gözəlliyin sirrini bilən qadınlar olaraq nüfuzlarını möhkəmləndiriblər.
Həqiqətən də Çində yaşamağa başlayan adamda qadınların yaşını müəyyən etmək cəhdi sonunda uduzacağın əyləncəli bir oyuna çevrilir. İyirmi yaşlı qız on üç, otuz yaşlı qadın 18 yaşlı qız kimi görünür.
Bəs çinli qadınların davranışları bizimkilərdən nə ilə fərqlənir? Gözəllik və gəncliklərini saxlamaq üçün nələr edirlər? Müşahidələrimizi bölüşək:
1. Çin qadınları üz və dəriyə qulluq vasitələrinə əməlli-başlı pul xərcləyirlər (təxminən aylıq 300 dollar, bəzən daha çox-red.). Həm də Çin istehsallı kosmetik vasitələrinə deyil, Yaponiya və Koreya məhsullarına üstünlük verirlər. Daha imkanlı xanımlar bahalı Avropa brendlərindən yararlanırlar. Kişilər qadınların belə israfına normal yanaşır, gileylənmirlər.
2. Nəzərə alsaq ki, Çin uzunmüddətli və möhkəm nikah adəti olan ölkədir, razılaşarıq ki, qadın səadəti də gözəlliyin qorunmasında müəyyən rol oynayır. Bundan başqa, bu ölkədə gözəlliyin “görkəm”i var, yəni qadının gözəl gözləri, dik burnu, kiçik ağzı və əlbəttə ki, ağ dərisi olmalıdır. Odur ki, çinli qadınlar ağ dəriyə sahib olmaq üçün nə hiylələrə əl atmırlar! Ən əsası, günəşdən gizlənmək üçün çətirdən, şlyapadan, uzun günlüklərdən istifadə edirlər. Yəni dünyanın günəşdən qaralmış bürüncü dəri dəbi Çində keçərli deyil.
3. Bədən ölçülərinə gəlincə Çinə də arıqlama maniyası yad deyil. Burda da qadınlar arıq qalmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Amma eyni zamanda, yeməkdən də qalmırlar. Çində yemək həvəskarı olmaq Avropadakı kimi ayıb sayılmır.
4. Çində dolu bədənli olmaq əslində, xoş görünüş sayılır. Amma bədən ölçülərini normada saxlamaq üçün idmanla məşğul olan qadınlara “güclü” desən, özünə düşmən qazanmış olarsan. Çünki bu ölkədə qadına “güclü” demək, “kişiyəbənzər” demək kimidir və xoş qarşılanmır.
5. Çində qadın mütləq mülayim və incə davranışlı olmalıdır. Şirin-şəkər qızcığaz kimi davranan, incə səslə danışan qadınları “şahzadə qızcığaz” hesab edirlər. Ona görə də yaşından asılı olmayaraq, bütün qadınlar (hətta 50!) uşaqsayağı nazlanmalı, çəhrayı rəngin çalarlarına üstünlük verməlidirlər. Bundan başqa, paltarlarında sevimli cizgi filmləri qəhrəmanları və heyvancıq şəkillərinin olmasına fikir verir, mobil telefonlarını da belə aksessuarlarla bəzəyərək məqsədlərinə çatmış olurlar.
6. Gündəlik rejimə riayət bu ölkədə mütləqdir. Burada qadınlar erkən yatıb, tezdən oyanırlar və nahardan sonra da yatmağa fürsət tapırlar. Bütün Çin eyni saatda səhər, günorta və axşam yeməyi yeyir. Odur ki, “Nahardan sonra görüşərik”, deyəndə “Siz saat neçədə nahar edirsiz?” deyə əlavə dəqiqləşdirməyə ehtiyac qalmır.
7. Yeməyə gəlincə, çinli qadınlar hər meyvə-tərəvəzi öz mövsümündə yeyirlər. Həmçinin süfrələrindən zəncəfil, küncüt və jojobanı əskik etmirlər. Rafinə olunmamış qara şəkərdən istifadə edirlər.
8. Çin qadınına şirniyyata və şokolada meyil hissi yaddır. Yeməkarası “atışdırma” üçün onlar duzlu və ya acılı çərəzlərə üstünlük verirlər. Eləcə də bol miqdarda meyvə-tərəvəz və göyərti yeyirlər.
9. Çin qadınları selfi dəlisidirlər. Bütün çin modelli telefonlarda foto-süzgəc proqramı var ki, görünüşdə olan bütün çatışmazlıqları aradan qaldırır. Bu da çin qadınının şəkillərdə daha gözəl görünməsinə və özünü daha xoşbəxt hiss etməsinə səbəb olur.
10. Çin qadınları bədənlərinin yuxarı hissəsini qapalı saxlayarlar. Bu ölkədə nə qədər mini ətək geyinilsə və ya paltara dərin yarıqlar qoyulsa, ayıb sayılmaz, amma açıq sinə qəbuledilməzdir. Hər çinli qadının qarderobunda “tsipao” adlanan qapalı, eyni zamanda bədənə kip yapışan milli geyim mövcuddur.
11. Çinli qadınların günəşdən sonra qorxduqları ikinci amil şaxtadır. Bu ölkənin qadınları, ümumiyyətlə, soyuq su içmirlər, bol isti sudan istifadə edirlər. Menstruasiya dövründə duş qəbul etmir, dondurma yemirlər. Bəzi qadınlar, ümumiyyətlə, dondurmadan imtina ediblər. Doğuş keçirmiş qadınlar bir ay müddətində duş qəbul etmir, zəncəfilli suyla yungülcə yuyunurlar.
12. Ən maraqlısı isə yeni doğmuş qadın bir ay müddətində yataq rejimində qalır. Uşağa qadının anası və ya qayınanası, baldızı baxır. Hesab olunur ki, doğuşdan sonrakı bir aylıq yataq rejimi enerji itirmiş qadına bərpa üçün faydalı olacaq, doğuşaqədərki xəstəliklərdən də xilas olacaq.