“Anası rəhmətə getdi, ağlaya bilmirdi, stress keçirirdi. Sentyabrın 25-də anası öldü, oktyabrda ağrıları başladı. Anasının 40 mərasiminə 1 həftə qalmış daha da pisləşdi”.
Bu sözləri mərhum aktrisa Çimnaz Sultanovanın atası Mütəllim Heybətov “Xəzər axşamı”na açıqlamasında deyib.
O, qızının anasının vəfatından sonra vəziyyətinin ağırlaşdığını bildirib:
“Mənə zəng etdi ki, ata, gəl. Getdim, dedi ki, ölürəm, apar məni həkimə. Mədə, bağırsaq keçməzliyi yarandı. Bunu düzüb-qoşduq, gəldi evə, bizimlə otururdu. Həkimə dedim ki, nə zaman sağalacaq? Dedi, ay yarıma. 20 gündən sonra zəng gəldi, həkim dedi gəl. Mənə dedi ki, ata depozit istədilər. Apardım depoziti qoydum. Deyirəm axı həkimlər deyirdi 2 ay keçməlidir, 21 gün tezdir. 7 saat əməliyyat keçdi. Bir gün keçdi yenə çağırdılar ki, vəziyyəti pisdir. Cərrahlar baxanda deyirdi ki, 21 gün tezdir, 2 ay keçməlidir. Bunu saldılar kritik ölümə. Ayaqları tutuldu, gəzə bilmədi. Həkim deyir, ölümdən qurtarmışıq. Deyirəm, qızım ayaqları ilə xəstəxanaya gəlib, siz ölümə salmısınız. Heç vaxt təzyiqi yox idi, təzyiqini qaldırdılar. Səhər getmişdim yanına, deyirdi, sıyıq, kəsmik yemişəm.
Aktiv idi, arzuları çox idi. Qohum, dostsevən idi. Şəhərdə yaşayırdı. Anası vəfat edəndən sonra yanıma köçdü”.
Qeyd edək ki, Çimnaz yanvarın 15-də bağırsaq xərçəngindən vəfat edib.