Çimərlik mövsümü başa çatır: Özəl çimərliklər bağlanır, xalq çimərliyində isə insanlar piknik edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yay fəslinin bitməsi ilə artıq çimərlik mövsümü başa çatır.
 

Yay fəslinin bitməsi ilə artıq çimərlik mövsümü başa çatır. Lakin hələ də dənizdən əlini üzməyən insanlar var. Havaların nisbətən sərin və küləkli olmasına baxmayaraq, çimərlik mövsümünün son günlərini dəyərləndirənlər az deyil.

Musavat.com-un müxbiri çimərlik mövsümünün yekunlaşması ilə bağlı əhalinin ən çox axın etdiyi Hövsan çimərliklərinə baş çəkib.
Günorta saatları olmasına baxmayaraq, dənizkənarında əvvəlki kimi insan sıxlığı müşahidə olunmur. Yan-yana yerləşən çimərliklərdə toplam 20-30 nəfərə yaxın adam gözə dəyir. Dənizə gələnlərin sayı kəskin azalıb. Özəl çimərliklərdə isti günlərdə insanla dolub-daşan sahil və oturacaqlar boş qalıb. İşçiləri bu seyrəklikdən asudə nəfəs alsa da, obyekt sahibləri mövsümün başa çatmasını kədərlə qarşılayır.
İnsanların ən çox axın etdiyi “Günəşli sahil” çimərliyinə nəzarət edən şəxs deyir ki, sentyabrın 11-də artıq çimərliyə girişi bağlayacaqlar. Çünki gün ərzində gələn tək-tük müştəriyə görə, böyük bir obyekti, onlarla işçisi saxlamaq da sərfəli deyil: “Son bir həftədir ki, dənizə gələnlərin sayı azalıb. Hava soyuyub, insanlar küləkli havalarda dalğalı dənizə girməkdən ehtiyat edirlər. Əvvəllər sentyabr aylarında işimiz yaxşı gedərdi. Ötən illərlə müqayisədə bu il havalar tez soyudu. Sentyabrın 10-a qədər işləyəcəyik. Sonra dəniz mövsümünü bitmiş hesab etmək olar. Gələn ilə qədər obyekt bağlı olacaq. Qış aylarında restoranın digər xidmətlərini işə salmağı planlaşdırırıq”.

Qeyd edək ki, müştəri sayı azalsa da, bu çimərlikdə qiymətlər dəyişməyib. “Günəşli sahil”ə giriş bir nəfər üçün 5 manata başa gəlir. Digər bütün xidmətlər də həmin 5 manata daxildir.

Xalq çimərliyində isə vəziyyət başqadır. Pulsuz çimərlik olduğundan nisbətən daha çox insan var. Çimərlik mövsümünün sonları olsa da, burada vəziyyət əvvəlki kimidir. Gələnlərin heç də hamısı dənizə can atmır. Əksinə, günəşin xəfif qızdırdığı qumda dincəlməyə üstünlük verirlər. Təbii ki, canını təhlükəyə ataraq küləkli havada dalğaların arasında üzən insanlara da rast gəldik.
Əksər dincələnlər isə dəniz səfasını sahildə manqal və samovar qalayıb dincəlməklə çıxarırdılar.

Nəvələri ilə birgə dəniz kənarında istirahətə gələn Aslan adlı şəxs deyir ki, əslində dənizin ən gözəl vaxtı elə mövsümün sonudur, çünki seyrəklik və sakitlik olur: “Adətən axşam saatlarında dənizə gəlirdim. Günəş, dəniz qumu bu yaşlı vaxtımda dərman kimi gəlir. Çox dincəlirəm. Qərara gəldim ki, nəvələrimi də gətirim. Qismətdən hava çox küləklidir. Ehtiyat edirəm, ona görə də, qərara aldım ki, elə sahildə dincələk. Dəniz deyəndə, ilk növbədə hamının ağlına çimmək gəlir. Lakin dənizə baxmaq, havasını udmaq da başqa aləmdir. Pulsuz-parasız özümüz üçün dincəlirik”.

Mövsümlə əlaqədar pullu çimərliklər giriş qiymətlərində də xeyli endirim ediblər. Mövsüm zamanı 10 manata təklif edilən lüks oturacaqlar, indi 5 manatadır. 2-3 manat civarında təklif edilən şezlonqlar isə 1 manata təklif olunur. Qiymətlərdə endirim olsa da, təqribən 50 oturacaqdan cəmi 3-də olduğunun şahidi olduq.

Bir neçə gündən sonra isə dənizin növbəti mövsümə qədər tamamilə tənha qalacağını demək olar.