Son günlər sosial şəbəkələrdə balacaların, eləcə də böyüklərin sevimli qəlyanatısı sayılan “Cheetos” qarğıdalı çubuqlarının (kukruz) təhlükəsi barədə yayılan görüntülər narahatlıqla qarşılanıb. Bildirilir ki, bu çubuqların asanlıqla yanması və yanarkən ətrafa yayılan pis qoxu tərkibində hansısa yanacaq maddəsinin olmasından, insan sağlamlığına ciddi şəkildə ziyan vura biləcəyindən xəbər verir.
Bu barədə Pravda.az-ın suallarını cavablandıran Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova da deyib ki, çipslər, qarğıdalı çubuqları zərərli qidalar sırasında yer alır:
““Cheetos” qarğıdalı çubuğunun yanması, yanarkən xoşagəlməz qoxunun gəlməsi onun tərkibindəki yağın həddindən artıq çox olmasından qaynaqlanır. Bildiyimiz kimi, yağ yüksək istilik verildikdə, alovlandırıldıqda yanmağa başlayır. Tərkibində istifadə olunan nişasta, eləcə də nişasta ilə yanaşı sellüloz da karbohidrat tərkiblidir. Bu səbəbdən tez alışır. Təbii ki, yandıqda da xoşagəlməz qoxu ilə rastlaşırlar. Bu da “Cheetos”un tərkibində olan maddələrin istiyə olan təsirini göstərir”.
Mütəxəssis bildirib ki, xüsusilə, çipslər qarğıdalı unu, qarğıdalı nişastası və bir çox hallarda GDO-lu (Genetikasi Dəyişdirilmiş Orqanizm) məhsuldan alınır: “Bu, artıq bir çox ölkələr tərəfindən də təsdiq olunub. Eləcə də tərkibində buğda unu, bitki yağları, bir çox hallarda “bitki yağı” adı altında istifadə olunan palma yağı və həddindən artıq sintetik mənşəli monosodyum qlutamat və yaxud mononatrium qlutamat maddəsindən artıq istifadə olunur. Bu da dadlandırıcı, ləzzətartırıcı kimi kimyəvi qatqı hesab olunur və sağlamlıq üçün bir çox zərərləri var. Eyni zamanda çipslərin tərkibində askorbin turşusu və bir çox uçucu yağların olması onların zərərli qida olmalarının göstəricisidir. Hər bir halda çipsin tərkibinə qatılan həddindən artıq duz orqanizmin gün ərzində qəbul edəcəyi duz miqdarından qat-qat artıqdır. Bu da çipsin orqanizm üçün zərərli olması ilə yanaşı bir çox xəstəliklərə səbəb olduğunu göstərir. Onların sənaye üsulu, emal prosesindən keçdikdə istifadə olunan həm dadlandırıcı, həm aromatizator, həm də uzun müddət rəf ömrünü saxlamaq üçün istifadə olunan kimyəvi qatqı maddələri insan orqanizmi tərəfindən həzm olunmur. Bu isə qaraciyər, böyrək çatışmazlığına gətirib çıxarır. Ümumiyyətlə, çips, hər hansı dadlandırılmış qarğıdalı çubuğu kimi satılan “Cheetos” və ya bu kimi qəlyanaltılıq sayılan qidalardan sağlamlıq üçün uzaq durulması ən faydalı hesab olunandır”.