Çexiyanın rusiyapərəst prezidenti ölkəsinin Avropa Birliyinin tərkibindən çıxmasından danışıb

Çexiyanın rusiyapərəst prezidenti ölkəsinin Avropa Birliyinin tərkibindən çıxmasından danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çətin ki, Avropa Birliyi Çexiyanın İttifaqdan çıxmasına görə Böyük Britaniyada olduğu kimi, təəssüf hissi keçirsin. Çünki Avropa Birliyinin ən böyük sponsorlarından olan Böyük Britaniyanın tam əksinə, Çexiya Respublikası həmin büdcədən yalnız pul almaqla məşğuldur”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözləri Çexiya Respublikasının prezidenti Miloş Zeman yerli “Tv Barrandov” kanalına söyləyib.

Qeyd olunur ki, 2017-ci ilin oktyabrında keçirilən parlament seçkilərində Miloş Zemanla bir çox məsələlərdə, o cümlədən Rusiya ilə bağlı siyasətdə həmfikir olan “Azad və birbaşa demokratiya” partiyası 10,6% səs toplayaraq üçüncü yeri tutub.

Bu partiya Çexiyanın Avropa Birliyinin tərkibində qalması ilə bağlı ümumxalq referendumunun keçirilməsini istəyir. Artıq yerli mediada da “çexsit” termini daha çox populyarlıq qazanmağa başlayıb.

Miloş Zeman referendum fikrini dəstəkləsə də olası səsvermədə Avropa Birliyinin tərkibində qalmasından yana olacağını vəd edib.

Çexiyada Avropa Birliyi ilə bağlı keçirilən son rəy sorğuları İttifaq tərəfdarları üçün təlaş oyatmaya bilməz. Belə ki, əhalinin yalnız yarısından bir qədər çoxu, yəni 54%-i Birliyin tərkibində qalmaqdan yana olduğunu bildirib.

Zemanın fikrincə, Çexiyanın Avropa Birliyinin şəhər strukturlarında təmsil olunan nüamyəndələri ölkə rəhbərliyinə bu İttifaqın Çexiya ictimaiyyətininin xoşuna gəlib-gəlmədiyi barədə doğru məlumat verməlidir.

Onu da qeyd edək ki, Miloş Zeman Avropa Birliyi ölkələri içində Kremlə ən yaxın rəhbər şəxs hesab olunur.

Rəsmi Moskvanın Ukraynadakı təcavüzkar hərəkətlərini pisləyən dövlətlərdən fərqli olaraq, Miloş Zeman sanksiyalara qəti olaraq qarşı çıxır və hətta işğal olunmuş Krımı belə, Rusiyanın tərkibində gördüyünü deməkdən çəkinmir.