Bu cür videolar göstərir ki, məktəblilər, uşaqlar arasında kriminala meyillilik artıb, gücü, şiddəti kiməsə qarşı yönəltmə şəkli çoxalıb. Bu kateqoriyaya aid olan uşaqlar çətin tərbiyə olunan uşaqlardır. Bu uşaqlarla reabilitasiya apara biləcək bir dövlət qurumu, müəssisəsi, mərkəzi olmalıdır.
Bu sözləri Tribunainfo.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. O qeyd edib ki, bu kimi hallarda həmişə cəza çəkən tərəflə paralel qisas alan tərəf də formalaşır. Biz həm də bunun qarçısını almalıyıq:
“Çətin tərbiyə olunan uşaq və yeniyetmələrin psixoloji müalicəsini həyata keçirən strukturlar olmalıdır, mərkəzlər olmalıdır. Varmı belə yerlər? Xeyr, yoxdur.
Biz sığınacaqda zərərçəkən, həm də zərərçəkən olmasına baxmayaraq davranışlarında problem olan qızlarla işləyirik. O uşaqlar zərərçəkən tərəf olmazdan əvvəl dəyərləri olmayan, həssas qrupa aid olan, sosial təhlükəli vəziyyətdə olan, içkidən, narkotikdən asılı olab, cinsi münasibətlərlə formalaşan bir mühitdə yaşayıb. Nəticədə o ya şiddət göstərən olur, ya da şiddətə məruz qalan, əzilən, döyülən. Bu uşaqların o həddə çatmaması üçün onlarla kim işləməlidir? Hansı mərkəzlər işləməlidir? Yoxdur belə mərkəzlər.
İllərdir eşidirik ki, qızlar üçün müəssisələr yaradılır. Nə vaxt yaradılacaq bu müəssisələr? Çətin tərbiyə olunan kateqoriyaya aid uşaqlar az deyil axı. Onlarla konkret iş aparacaq yerlər olmalıdır. Nə qədər ki, bu cür mərkəzlər yoxdur, çətin tərbiyə edilən yeniyetmələrin bu kimi hərəkətlərinə çox şahidlik edəcəyik.
Uçuruma getməmək üçün təcili tədbir görmək lazımdır”.
Nigar