Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsinin üçüncü oyun günündə son görüşünü keçirib.
TİA.AZ-ın məlumatına görə, 34 yaşlı qrossmeyster XV turda rusiyalı Sergey Karyakinlə qarşılaşıb. 30-cu gedişdə təslim olan Rəcəbov 1/4 final mərhələsinə çıxa bilməyib.
Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə son partiyada ABŞ-dan olan Uesli So ilə 14-cü gedişdə heç-heçəyə razılaşıb.
Beləliklə, Rəcəbov turniri 7 xalla 11-ci, Məmmədyarov isə 6,5 xalla 12-ci sırada başa vurub.
Qeyd edək ki, 15 turdan sonra Maqnus Karlsen (Norveç), Aniş Giri (Niderland), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Yan Nepomnyaşi (Rusiya), Alireza Firuzca (FIDE), Maksim Vaşye-Laqrav (Fransa) və Levon Aronyan (Ermənistan) 1/4 finala vəsiqə qazanıblar. Bu raundun görüşləri 16 – 17 martda keçiriləcək.