backend

Cəmiyyətimizin problemləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bizim cəmiyyətin ən öndə gedən problemi bilirsiniz nədir? 

Bizim cəmiyyətin ən öndə gedən problemi bilirsiniz nədir?

Fərd olaraq ailədə (ailə də kiçik bir cəmiyyətdir və böyük cəmiyyətin üzvüdür) konkret öz və övladı üçün strateji hədəflər seçir, qərarlar verir, uzunmüddətli planlar və strategiyalar hazırlayır, amma anlamır ki, zaman bir yerdə dayanmır, inkişaf etmək və addımlamaq lazımdır, zamana uyğunlaşmaq lazımdır. Bir çox ailədə bu cür düşüncə və strategiya mövcuddur. Bu isə bir -biri ilə əlaqəli kiçik və cəmiyyətlərin birləşərək bir böyük cəmiyyət yaratması deməkdir. Çoxluq yanılarsa, çoxluq düzgün qərar verməzsə, toplumun sonu məhz yaxşı olmayacaq. Əslində, sonluq qorxuducu söz deyil, sonluq nəticə deməkdir. Nəyinsə nəticəsi.
Fərd olaraq cəmiyyətin üzvləri taktikanı düzgün seçmirlər, yəni qısamüddətli hədəf və planları olmur, olanda isə onu daşlayırlar ki, uzaqgörən deyil. Halbuki ən doğrusunu o edir, zamana uyğun, qısa zaman üçün taktika seçir, lazım gələndə taktikasını dəyişir, zamana uyğunlaşır və daha az itkiylə üzləşir, risklərini görə bilir.
Hər zamanın və yerin öz tələbi və qaydaları var.

İkinci əsas problemimiz özümüzü və öz ailəmizi deyil, kənardakıları düşünmək, müqayisə etmək, paxıllamaq, qısqanmaqdır. Kimdəsə nəsə alınırsa, digərində alınmırsa, onun uğurlarını şübhə altına almaqdır. Aza nail olmadan çox istəyib, sonra heç nəsiz qalmaqla nəticələnir bu tip iddialar. Hələ uşaqlarımızı da belə mühitdə qeyri -sağlam tərbiyə ilə və qeyri-sağlam rəqabət şərtləri altında böyüdürük və onun bir insan kimi fərdi inkişafına mane oluruq və kənar müdaxilələr edirik. İnsan uşaq yaşından şəxsən özünün nə istədiyini bilmir, istədikləri isə kənardan yeridilən və yerləşdirilən istəklərdir. Ona görə də çox insanlar uşaq yaşlarından aqressiv, narazı, pessimist və bədbəxt olur. Hər kəsi borclu çıxardırıq. Fərd oplaraq şəxsi istəklə kimsə kimsə nəsə edə bilər, etməyə bilər. Hər kəs fərdi fərddir və kimisə borclu çıxartmaq doğru deyildir.

İctimaiyyət irəli getmək, inkişaf və azadlığı tərsinə anlayır, düz anlayanları isə onlara xeyir etmədiyinə görə qınamağa çalışır. Qınaq obyekti olduğunu vecinə almayanlar isə bu cür cəmiyyətlə mübarizə aparır və sonra bu cür cəmiyyəti idarə edir və özünü bu cəmiyyətə qorxu, pul və s. alətlərə sahib olaraq üstün olduğundan qəbul etdirir və cəmiyyət susmağa məhkum olur.

İctimaiyyət istənilən kəsi fərdi, hadisəni, nəyisə ümumiləşdirir, fərdi hal, şəxs, hadisə kimi qəbul etmir və etmək istəmir. Qəbul etmək cəmiyyət üçün məğlubiyyətdir. Ümumiləşdirmək səhvdir, çünki o ümuminin içində istisna hallar var, o istisnaları isə qəbul etmək lazımdır.

Cəmiyyətdə bir şeyi anlamırlar nə cəmiyyət olaraq, nə fərd olaraq, bir şey ki, dövlət hesabınadır və pulsuzdur, ona əlavə pul ödəmək lazım deyil, bu həm əlavə xərcdir, həm maliyyə cinayətidir, rüşvətdir. Dövlətin verdiyi təhsil pulsuzdur, müəllimə isə onun görməli işə – təhsil verməsinə və bilik öyrətməsinə görə pul veririk, bir biz veririk, bir də dövlət. Biz verdiyimzdən vergi ödəmir, qanunsuz gəlir mənbəyidir. Dövlətin tibb müəssisələri pulsuzdur, dövlət hesabınadır. Deməli, həkimin işinə görə- səhhətimizin bərpa etmək, müayinə və xəstəliklərdən müalicəyə görə pul ödəməməliyik, bu onun işidir və dövlət buna görə ona maaş verir. Bizim verdiyimiz pul da qeyri-leqaldır və yenə də büdcəyə vergi şəklində qayıtmır. Biz özümüz öz əlimizlə onları rüşvətə və qanunsuz iş görməyə və işini qanusuzlaşdırmağa vadar edirik. Uşaqlarımız bunu bilir, görür və bu isə o deməkdir ki, biz cinayətkar, saxta və yalançı, eyni zamanda qorxaq və qanunsuz yollarla pul qazanmağa çalışan, öz işini iş vaxtı görməyən, məsuliyyətsiz bir gələcək formalaşdırır və böyüdürük.

İnsanlara, təbiətə canlı kimi yanaşmamaq və mülkiyyətçillik münasibəti, aqressiyadır. Hər kəsin daxilində pozitivlik var, amma nədənsə daha çox neqativliyi və aqressiyanı görürük, döyərək tərbiyə etməkdən tutmuş, döyərək işlətməyə, ailə qurmağa sövq etməyədək, o qədər zorla görülən işlər və zor gücünə qəbul edilən qərarlar, zor tətbiq edilən və onun qurbanı insanlar var ki…

Pul önəmlidir, əsas amildir. Amma insanın həyatı və özü puldan və madiyyatdan asılı olmamalıdır. Etdiyi hər bir şeyi sevərək etməlidir, maddiyyat xətrinə deyil. Bizdə işi belə pul xətrinə edirik, kiməsə yaxşılıq edəndə belə təmənna güdürük, ən azı hədiyyə istəyirik, qonaqlıq tələb edirik, aləmə carlayıb həmin insanı biabır edirik. Yaxşılığı biz özümüz və ruh dünyamız, qəlbimiz və ağlımız və gələcəyimiz üçün edirik, etməyə də bilərik. Amma paylaşdıqca artan nəsə sonra insanın özünə qayıdar. Necə ki, ən pis insanı və ən ən pis halda olan insanı bir təbəssümlə keyfini və qəlbini, ağlını yaxşı mənada fəth edə bilirsənsə, bu bir uğurdur. İnsanın digər insana etdiyi yaxşılıq borc öhdəliyi deyildir. Minnət obyekti deyildir. Nə sizin kiməsə borcunuz var, nə də sizin kiməsə borcunuz var, etdiyinizi sevərək edin, içdən və səmimiyyətinizlə edin. Nəsə başqa alt niyyət və məqsəd gözləmədən.

Tanımadığımız insanlar haqqında bir nəfərin fikri ilə fikir yürütmək və qənaətə gəlmək də var bizdə… Bir insanı tanımadığın halda, sənlə yolu kəsişmədiyi halda, ondan özünə qarşı doğru olmayan hərəkət görmədiyin halda, necə pisləmək olar axı? Dünya elədir ki, fırlanır, gəlib gec-tez həmin insana çatacaqdır. Yox, əgər bilərəkdən ismarıc yollayırsınızsa, o başqa məsələ… Bəlkə kimsə qəsdən kiminləsə şəxsi qərəzliyi var, bilərəkdən ictimai rəyi formalaşdırmaq və ya dəyişmək niyyətindədir, bu artıq məqsədli və planlı addımdır. Bunun arxasında dayanmaq və gizlənməmək lazımdır. İnsan dost və düşmənini  tanımalıdır. Cəsarət ya var, ya yoxdur, yarımçıq cəsarəti cəsarət saymaq olmaz.

Uşaqlara sevməyi və sevgini öyrətmirik, məsələn digər uşaqları, qohumları, ailə üzvlərini, kitabı, teatrı, musiqini, uşaq filmini… Biz uşaqları ancaq tənqid edir, tərifləyir, danlayır, söyüb, döyürük, bizdən gördüyümüzü isə o öz övladına ötürəcək və psixoloji əzik insan olacaq, fərd kimi yetişə və inkişaf edə bilməyəcək. Uşağa sevgini və sevməyi öyrətmək lazımdır. Adi alaq otuna, ağaca belə sevgi olmalıdır, heyvana sevgi olmalıdır. Bu yaxınlarda işdən evə gəlirdim, 3-4 yaşında olan bir uşaq beton və dəmirdən olan arakəsmənin  yanında bitən kola və ağaca təpik atırdı, qız övladı idi, babası isə kənardan baxırdı. Hər dfəə vurduqca, ayağı həmin beton dəmir qarışıqlı arakəsməyə də dəyirdi. Dözmədim bu mənzərəyə, biganə qala bilmədim. Uşağa yaxınlaşıb dedim: Niyə təpikləyir, vurursan ağac və bitkini? Deyir: Pisdir. Vurduqca da, təkrarlayır: Pissən, pissən. Dedim: Qızım, o da sənin kimi canlıdır. Onun da böyümək, yaşamaq haqqı var, onun da sevilmək haqqı var, o da diqqət istəyir. Sən onu vurursan, eynisini sənə etsələr, xoşuna gələr? Cavabında başını “yox” deyərək yellədi, kövrəldi və küsgün sifət etdi. Dedim: Sən onu döyürsən, çünki o da kiminsə övladıdır, o da böyüyəcək, vurduqca, əzdikcə, onu bu istək və hüquq, imkandan məhrum edirsən. Olmaz. Bilirsən niyə? Səni vuranda, səni döyəndə, elə təpikəyəndə, səni necə incidirsə, onu da incidir. Sən axı pis deyilsən, sən axı kimisə və nəyisə incitmək istəmirsən? Uşaq kövrəldi. Bu anda hər şey aydın oldu. Babası bu mənzərəyə və dialoqa diqqətini çəksə də, kənarda dayanmışdı. Mən uşaqdan uzaqlaşan kimi uşaq babasının yanına qaçdı. Babasını qucaqladı. Babası isə mənə dedi: Çox sağ olun, bir daha eləməz. Uşaq arxamca dedi: Xala, sən yaxşısan. Bu sözdənsə, mən kövrəldim. Bax beləcə, biz uşaqlarımızla danışmırıq, başa salmırıq. Sevgini öyrətmirik. Bizimki səbrsizlikdir, dözümsüzlükdür, anlatmağa və anlamamağa yönlənməkdir. Belə misalları çox çəkmək olar. Bir an üçün dayanın, müşahidə edin və düşünün. Dünən bir yaxın dostumla iri ticarət mərkəzində oturub insanları müşahidə edirdim, müşahidələrimlə paylaşırdım. Adi kafedə belə oturan insanların simasında neqativlik, əsəbilik, aqressiya, bəzən isə biganəlik, darıxmaqlıq var. İnsanlar onlara uyğun olmayan yerdə və kəslədirlər. Bu isə bir məcburiyyətdən irəli gəlir. Məcburyyət isə pozitivlik və sevgi yarada bilməz.