İranda prezident seçkilərinin ikinci turuna ciddi hazırlıq gedir. Tribunainfo.az xəbər verir ki, dünən Səid Cəlili və Məsud Pezeşkiyan arasında ilk teledebat keçirilib.
İslahatçıların əsas namizədi olan Pezeşkiyan çıxışı zamanı bildirib ki, İran köhnə taktikadan imtina edərək, iqtisadiyyatını gücləndirmək üçün sərhədlərini açmalıdır. O bildirib ki, əgər iqtisadi artıma nail olmaq istəyirlərsə, xarici siyasətə korrektlər edilməlidir. “Öncəliklə qonşularımıdan başlamalıyıq. Onlarla münasibətlərimizi düzəltməliyik. Bunun ardından uzaq qonşularla yaxşı əlaqə qurmalıyıq. O zaman İrana rifah gələcək”.
Lakin bütün bunların fonunda İran mediasında yeni bir xəbər də yayılıb. Daha doğrusu, bu xəbərin konkret mənbəyi məlum deyil. Yəni, onun SEPAH qərargahında hazırlandığı və ya başqa bir qrupun istəyi olduğu bəlli deyil. Amma həmin xəbərdə maraqlı olan tərəf budur ki, ikinci turdan sonra kimin prezident olacağı ilə bağlı fikirlər var.
Bildirilir ki, indiki məqamda Səid Cəlilinin seçilməsi İran üçün yaxın və uzaq perspektivdə yaxşı heç nə vəd etmir. “İranın dini lideri Əli Xamineyi artıq qocalıb. Onun yerinə kimin gətiriləcəyi məsələsi bəlli deyil. Rəisi dönəmində bunun keçmiş prezident olacağına şübhə yox idi. Lakin o, helikopter qəzasında dünyasını dəyişdi. İndi İranda yeni dini liderin olacağı müzakirə mövzusudur”.
Xəbərdə qeyd edilir ki, gedişat Səid Cəlilinin İranın yeni ali dini lideri olacağını deməyə əsas verir. Hətta mənbələr Cəlilinin bu məqsdlə seçkiyə buraxıldığı və onun nüfuzunun artırıldığını iddia edirlər. Buna paralel olaraq Məsud Pezeşkiyanın prezident olacağına istisna etməyiblər.