Çeçenistanda nə baş verir? – “Putinin Kadırovun nazı ilə oynamaq üçün artıq pulu yoxdur”

Çeçenistanda nə baş verir? – “Putinin Kadırovun nazı ilə oynamaq üçün artıq pulu yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Putinin Kadırovun nazı ilə oynamaq üçün artıq pulu yoxdur”.
TİA.AZ xəbər verir ki, bunu siyasi analitik Kamran Cəfərov özünün “Facebook səhifəsində yazıb:
“Xatırladım ki, Yeltsin dövründə hakimiyyət Çeçenistanın daxilində gedən proseslərə müdaxilə edə bilmirdi, 25 il keçsə də, indiki Rusiya yenidən həmin nöqtəyə qayıdıb. Rusiya Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Adam Delimxanov Çeçenistan rəhbəri Ramzan Kadırovun siyasətini tənqid edənlərin başını kəsəcəyini vəd edib. “Bilin ki, gecə-gündüz canımızı, malımızı əsirgəmədən, başlarınızı kəsib öldürənə qədər sizi təqib edəcəyik. Həqiqətən sizinlə düşmənçiliyimiz və qan davamız var! Bu, bu videonu rus dilinə çevirənlərə də aiddir. Əgər başınızı qaldıra biləcəyinizi düşünürsünüzsə, Allaha and olsun, başınızı kəsəcəyik! Yer üzündəki bütün qanunlar bizə qarşı olsa belə, biz yenə də səninlə məşğul olacağıq! Bizi buna görə həbs etsinlər, öldürsünlər və ya nüvə bombası ilə partlatsınlar”.
Görəsən, nə baş verib?
Yanvarın 20-də özlərini Çeçenistan hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən maskalı şəxslər təqaüdçü, Çeçenistan Ali Məhkəməsinin hakimi Saydi Yanqulbayevin mənzilinə daxil olaraq onun həyat yoldaşı Zarema Musayevanı qaçırıblar. Bu, Qroznıdan 2 min km aralıda – Nijni Novqorodda baş verib. Hakimin özünü götürmək mümkün olmayıb, çünki o, federal mühafizə altındadır. Əslində, nə hakim, nə də onun həyat yoldaşı Kadırova lazım deyil. Onların vasitəsilə Kadırovu tənqid edən İşgəncələrə Qarşı Komitənin hüquq müdafiəçisi Abubakar Yanqulbayevə təzyiq etməyə çalışırlar”.
Politoloq qeyd edir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bütün bunları “fantastik hekayə” adlandırmaqla, Kremlin heç bir sübut olmadan belə hadisələrə inanmadığını deyib:
“Ancaq iki gün sonra o, sözlərindən imtina edərək “belə bir söz demədiyini” söylədi, çünki müşahidə kameralarında Musayevanın ev paltarında, silahlı şəxslər tərəfindən ayaqyalın sürükləndiyini göstərən videolar var. Gündən-günə vəziyyət gərginləşir, Ramzan Kadırov dayanmadan “Yanqulbayevin ailəsini məhv edəcəyik” tipli bəyanatlar verir. Dünən səhər isə Çeçenistanda Yanqulbayev ailəsinə qarşı 400 min insanın iştirakı ilə mitinq keçirilib. Mitinq iştirakçılar bəyanat veriblər. Bəyanatda deyilir ki, “dövlətimizə qarşı işləyən insanlar cəzalandırılmalıdır”. Bizim dövlət deyəndə, söhbət Rusiyadanmı gedir, yoxsa Çeçenistandanmı? Maraqlısı odur ki, mitinqdə Çeçenistan bayraqları olsa da, Rusiya bayrağı yox idi”.
Ekspertin fikrincə, Çeçenistan rəhbərinin Putinə qarşı bu demarşı sadəcə Moskvadan gələn böyük miqdarda vəsaiti daha əvvəlki tək ala bilməməsindən qaynaqlanır:
“Çeçenistan uzun müddət QRU-FSB qarşıdurmasının poliqonudur. Nəticədə Kadırov ona “daha çox təklif edən”in tərəfi seçdi. “Kadırov Putinin sadiq adamıdır” ifadəsi kökdən yanlışdır, Kadırov öz cibinin və öz maraqlarının adamıdır. Bu günə kimi Çeçenistana büdcədən böyük məbləğdə pullar ayrılırdı, verən razı, alan razı. Hazırda isə geosiyasi qarşıdurmanın pik nöqtəsində Kadırov istədiyini ala bilmir. Putinin artıq Kadırovun nazı ilə oynamaq üçün pulu yoxdur. Yaranan durum isə Kadırovu qıcıqlandırır və bu qıcığı belə qanunsuzluqlar və cinəyətlərlə ifadə edir.