Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Admedia.az” MMC (VÖEN – 2002644161) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə “Admedia.az” MMC Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin sifarişi ilə “Cəbrayıl Şəhəri Günü” ilə əlaqədar tədbiri təşkil edəcək və qarşılığında 445 min 568 manat alacaq.
Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
– Satınalma predmetinə təcili tələbat yarandıqda;
– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, “Cəbrayıl Şəhəri Günü ” ilə əlaqədar tədbirin keçirilməsi məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.
Qeyd edək ki, “Admedia.az” MMC 21 may 2013-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin icraçı direktoru Sabit Məmmədovdur.