Suriyada atəşkəs rejimi yeni ildən əvvəl hər an başlaya bilər.
Suriyada atəşkəs rejimi yeni ildən əvvəl hər an başlaya bilər.
TİA.AZ xəbər verir ki, bunu Türkiyənin “A Haber” kanalınının efirində ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O, Türkiyə və Rusiya səlahiyyətlilərinin bu gün yenidən görüşəcəyini qeyd edib. “Hər şey yolunda gedərsə, ruslarla bir müqavilə bağlamaq üzrəyik. İki mətn üzərində işləyirik”, – deyə türkiyəli nazir bildirib.
M.Çavuşoğlunun sözlərinə görə, sülh müzakirələri atəşkəsdən sonra başlayacaq.
Türkiyə xarici siyasət idarəsinin başçısı Suriya prezidenti Bəşər Əsədlə görüşün müzakirə mövzusu olmadığını vurğulayıb: “Biz Astanada Əsədlə masaya oturmayacağıq. Bu, müzakirə mövzusu deyil”.
O, həmçinin “Hizbullah”ın da aralarında olduğu bütün xarici döyüşçülərin Suriyanı tərk etməli olduğunu söyləyib.
Türkiyənin xarici işlər naziri ABŞ-ın PYD-də (PKK terror təşkilatının Suriya qolu – red.) silah çatdrımasına toxunub: “ABŞ-ın da içində olduğu koalisiya müəyyən müddətdir “Fərat Qalxanı” hərəkatına dəstək vermir, PYD və YPG-yə (PYD-nin silahlı qanadı –red.) silah yardımı edir. Bunu onlar da, biz də yaxşı bilirik. ABŞ YPG-yə silah verib. Koalisiyanın “Fərat Qalxanı”na dəstək verməməsinin səbəbini sizə söyləyim: YPG ABŞ-a təzyiq edir. Onlar terror dəhlizi yaratmağa çalışır. ABŞ Rakkada YPG-dən istifadə etmək istəyir. YPG də “sən məndən istifadə etmək istəyirsənsə, Türkiyə Rakkada müvəffəqiyyətli olmamalı və bizim yaratmaq istədiyimiz dəhlizə mane olmamalıdır” deyir”.