“Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heçdir”, – deyirdi Şopenhauer.
Bu, sadəcə, bir filosofun dilə gətirdiyi romantik bir fikir deyil, dəyişməz həqiqətdir. Bu baxımdan “Sağlam bədəndə sağlam ruh olar” məşhur Şərq deyimi də təsadüfi yaranmayıb.
Heç şübhəsiz, tibb elmi dünyada ən qədim elm sahələrindən biri sayılır. Bu elmin bizə bəlli olan tarixi eramızdan əvvəl Qədim Yunanıstanda Hippokratla başlayır. Onu “təbabətin atası” adlandırırlar. Çünki o, tibbdə həm də davranış və əxlaqın qaydalarının yaradıcısıdır.
Bu dünyanın hər yerində həkimlərin əsas istinad etdiyi prinsip də məhz onun yaradığı əxlaq kodeksi – “Hippokrat andı”dır. Bu andla Hippokrat həm də tibb elminin, həkim sənətinin məqsəd və missiyasını müəyyənləşdirmişdi.
“Söz verirəm ki, müalicədən heç vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm. Məndən zəhər istəyənə onu verməyəcəyim kimi, belə bir hərəkəti tövsiyə etməyəcəyəm… İstər sənətimin icrası, istərsə də sənətim xaricində insanlarla münasibətdə baş verənləri, görüb eşitdiklərimi bir sirr olaraq saxlayacağam və kimsəyə açmayacağam”, – andında belə deyirdi bu böyük təbib.
Bu, tarixin bizə bəlli olan xronikasıdır, amma tibb elmi, təbabət bəşər yaranandan mövcud olub, sadəcə, onun tətbiqi hər bir dövrün şərtlərinə görə, dəyişib. Amal və məqsəd isə insana, bəşərə xidmət olub.
Bu üzdən tibbin insana münasibəti, xidməti bir qədər də mifikləşdirilib. Bu gün məşhur olan “həkimin şəfalı əlləri” ifadəsi də məhz minilliklərin daşlaşmış yaddaşından qopub gəlir.
Əsl həkim də məhz bu prinsiplərə ləyaqətlə əməl edəndir.
Məşhur cərrah Kolomin deyirdi ki, əgər həkimin işığı başqasının üstünə düşmürsə, özünün sönməsi yaxşıdır. Bəli, həkimlik missiyasına işıq tutan bu ifadə bir aksiomadır.
Bu gün həm Azərbaycanda, həm də ölkədən kənarda olub işğı başqalarının üstünə düşən həkimlərimiz də az deyil, onlardan biri də Cavid Hüseynzadədir. Vətəninə, el-obasına, onun dəyərlərinə, milli düşüncəsinə doğma və sadiq bir həkimdir Cavid Hüseynzadə.
Bu baxımdan, dahi Məmməd Arazın bir şeiri Dr. Cavid Hüseynzadənin də həyat yoluna və amalına işıq tutur:
Bu daşa-torpağa mən səcdə qılıb,
Eldən pay aldımsa, elə payladım.
Bir üzdə buz gördüm, bir üzdə qılıq –
Necə almışdımsa, elə payladım.
Yanlış anlamadınız, söhbət qulaq, burun, boğaz xəstəlikləri, üz plastik və rekonstruktiv cərrahı Dr. Cavid Hüseynzadən gedir: 10-larla azərbaycanlının ailəsinə, yaxınlarına, doğmalarına öz şəfalı əlləri ilə işıq və nicat verən bir həkimdən…
2006-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olan Cavid Hüseynzadə daha sonra təhsilimi Ukraynada davam etdirib. Rezidentura təhsilini isə Almaniyanın Frankfurt və Haydelberq universitetlərinin tibb fakültələrinin akademik tədris xəstəxanası olan Darmştat şəhər xəstəxanasında qulaq, burun, boğaz xəstəlikləri, üz plastik cərrahiyyəsi üzrə alıb.
Hazırda Almaniyada klinikaların (“Bad Salzungen”) birində qulaq, burun, boğaz xəstəlikləri və üz plastik cərrahiyyəsi şöbəsinin müdiri, uzman həkim kimi çalışsa da, xalqını, Vətənini, onun doğma insanlarını unutmur, imkansız ailələrə əl tutur, şəfalı əlləri və istedadı ilə qəlblərə çökən bədbinliyi nikbinliklə nurlandırır.
Bunu təsadüfü demirəm. Bu yaxınlarda bir aztəminatlı, kasıb ailəyə yardımının şahidi oldum. Demək, Referans Estetik Mərkəzinin rəhbərliyinə, uzun müddət öncə tanıdığım dostumuz Ariz Cəbrayılova zəng etdim. Ariz bilirsiniz kimdir: sıxıntılı günlərdə zəng aça biləcəyin dost olur ha, bax o dostdur.
Ona ailənin durumunu, əməliyyata ehtiyacı olan azyaşlının vəziyyətini danışdım. “Səbirli ol, Allah səbirli olanları sevir”, – dedi və sağollaşdıq. İftar vaxtı Arizdən zəng gəldi. Dedi ki, bir xeyriyyəçi həkim dostumuz var, Almaniyadan gəlib, sabah Bakıda sonuncu günüdür. Məsələni ona izah etdim, “Sabah mütləq uşağı götürüb gəlsinlər”, – dedi.
Beləcə, uşaq təmənnasız əməliyyat olundu və sağlamlığına qovuşdu. Bəli, məhz budur insanlıq və insanlığa xidmət…
Yeri gəlmişkən, 33 yaşlı bu azərbaycanlı uzman Avropa üz plastik cərrahiyyə cəmiyyətinin üzvü kimi elmi axtarışları ilə yanaşı, ictimai işlərlə də aktiv məşğul olur. Alman, rus və ukrayna dillərini yaxşı bilən azərbaycanlı gənc Almaniyada fəaliyyət göstərən 1400-ə yaxın azərbaycanlı həkimin bir araya gəlməsi, əlaqələr qurması üçün davamlı şəkildə iş aparır, bununla da ölkəsinə, xalqına, eyni zamanda, insana və insanlığa, bəşəri dəyərlərə faydalı olmağa çalışır. Amma Vətənini də unutmur, hər il Azərbaycana gəlir və özü ilə Kolominin dediyi işığı gətirir.
Hazırda icra etdiyi əməliyyatlar isə bunlardır:
– Funksional və Estetik Rinoplastika
– Septoplastika (Burun Çəpəri Əməliyyatı)
– Burun Ətrafı Ciblərin Endoskopik Cərrahiyyəsi
– Otoplastika (şəlpə qulaq korreksiyası)
– Temporal Lifting
– Browlift (Qaş Qaldırma)
– Blefaroplastika (Göz Qapağı)
– Buxaq Cərrahiyyəsi
– Bişektomiya
– Liplifting (Dodaq qaldırma)
– Çənə İmplantı
– Xoruldama Cərrahiyyəsi
– Endoskopik Adenoidektomiya
– Tonsillektomiya
– Qulağa Ventilasiya Tüpü Qoyulması
– Səs Teli Xəstəlikləri və Cərrahiyyəsi
– Ultrasəs Altında Dolğu Vurulması
– Botox və s.
Sonda bir qeydi də yazmağı zəruri sayırıq. Bir insana xidmət bəşəriyyətə xidmətdir, bəşəriyyətə xidmət isə adını əbədiyyətə həkk etməkdir.
Adınız kimi, əbədi olun, Cavid həkim…
Əlişir Əhəd