“Caspian Capital Group” şirkətinin təşkilatçılığı ilə Şərq Bazarı Kompleksində “Sahibkarlığın inkişafında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda və “Tovuz Beverage” şirkətinin rəsmi açılış mərasimi keçirilib.
Tribunainfo.az xəbər verir ki, şirkətin rəsmi açılış və konsepsiyasının təqdimat mərasimindən öncə açılış mərasimi dövlət himnin oxunması ilə başlayıb.
Açılış mərasimində çıxış edən “Tovuz Baltiya” MMC-nin baş direktoru Naiq Məmmədhəsənov bildirib ki, Azərbaycanda ilk özəl şirkətlərdən olan “Naigin K⁰ Tovuz-Baltiya” LTD 1989-cu ilin dekabrından üzüm yetişdirilməsi və şərab məhsullarının istehsalı məqsədilə yaradılmış “Tovuz” üzümçülük-istehsalat kooperativi ölkəmizin ən aparıcı şirkətlərindən biri olaraq 35 ildir ki, istehsal etdiyi alkoqollu və alkoqolsuz içkilərə dünyanın bir çox ölkələrində böyük maraqla qarşılanır. 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin “Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi haqqında” fərmanından sonra “Naigin K⁰ Tovuz-Baltiya” fransız texnologiyası ilə şərab və konyak istehsal etməyi qarşısına məqsəd qoydu. Bunun üçün yüksəkixtisaslı mütəxəssislər və böyük iş stajına malik texnoloqları işə cəlb etdi. Zavodda köhnədən qalmış konyak materialının istifadəsi ilə bərabər, üzümün keyfiyyətli sortlarından yüksək keyfiyyətli şərablar, həmçinin konyak spirti istehsal olunub. Artıq bu gündən Şərq Bazarı Kompleksində “Tovuz Baltiya” MMC-nin rəsmi mağazası fəaliyyət göstərir.
Sonra çıxış edən Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə Şərq Bazarı Kompleksində belə bir tədbirin keçirilməsinin əhəmiyyətinə toxunub. Bildirib ki, Azərbaycanın əksər rayonlarında üzümçülük və şərabçılıq üçün geniş ərazilər var. Ümumiyyətlə isə şərabçılığın inkişafına dair Dövlət Proqramına uyğun olaraq regionlarda üzümçülük və şərabçılıq inkişaf etdirilir.
Tədbirdə çıxış edən millət vəkilləri Fazil Mustafa, Vüqar İskəndərov, Arzu Nağıyev, Azər Frans şirkətinin rəhbəri Vidadi Əkbərov Azərbaycanda iqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi çərçivəsində aqrar sektorda üzümçülüyün, eyni zamanda, şərabçılığın dinamik inkişafının ölkənin əsas prioritetlərindən biri olduğunu bildiriblər.
FMG idarəedici şirkətinin nümayəndəsi Fuad İbrahimov çıxışında bildirib ki, Şərq Bazarı kompleksi təkcə alış-veriş üçün üz tutulan adi bir bazar deyil. Bura turislərin ən çox ziyarət etdiyi məkanlardan biridir. Burada şərq ab-havasını tamamlayan “Sharg Restaurant”, “Bazar Turkish Cuisine”, East Gold brendi altında qızıl satışı həyata keçirilir.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov qeyd edib ki, son illərdə respublikamızda üzümçülüyə və şərabçılığa xüsusi diqqət yetirilir və bu sahənin inkişafı üçün mühüm dövlət qərarları qəbul olunur.
Türk Dünyası Parlamentarilər Birliyinin koordinatoru Adnan Fişenk çıxışında “Made in Azerbaijan” brendinin təbliğ edilməsi bu sahənin inkişafına göstərilən dəstəyin böyük əhəmiyyətə malik olduğunu dilə gətirib.
Bundan başqa tədbirdə iştirak edən xarici iqtisadi fəaliyyət iştirakçıları, diplomatlar, millət vəkilləri, tanınmış ictimaiyyət xadimləri, sahibkarlar və tanınmış hüquqşünaslar, partnyor şirkətlərin nümayəndələri, media təmsilçiləri, QHT nümayəndələri və ziyalılar çıxış edərək ölkənin iqtisadi inkişafında uzunmüddətli davamlı fəalliyyətdə olan “Tovuz Baltiya” MMC şirkətinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Rəsmi hissədən sonra “Tovuz Beverage” şirkətinin açılış mərasimi keçirilib. Məlumat verilib ki, şirkətin mağazasında bu gün istehsal olunan konyak spirti Bolqarıstandan, İtaliyadan və Fransadan gətirilən 100 illik palıddan hazırlanmış çəlləklərdə mağazada saxlanılır. Məhsulun süzülməsi və qablaşdırılması fransız, alman və italyan avadanlıqları vasitəsilə həyata keçirilib. Mağazada 60-dan çox çeşiddə içkilər satışa çıxarılıb.
Qeyd edək ki, tədbirdə ölkənin aparıcı şərab istehsalçıları və ixracatçıları “Meysəri”, “Azqranata”, “Terra Leone”, “Chabiant”, “Hillside”, “Savalan”, “Merit Brand”, “A plus Co”, “Tovuz Konyak”, “Sharg Ulduzu” öz brendləri ilə məhsullarını nümayiş etdiriblər.
Tədbir konsert proqramı ilə davam edib.
https://caspiancapitalgroup.az/az/