“Azərbaycan çempionatındakı klublarda əcnəbi futbolçular çoxdur. Bu isə açıq-aydın millinin işinə kömək etmir”.
Tribunainfo.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Albaniyanın “Abcnews” nəşrinə açıqlamasında deyib.
67 yaşlı mütəxəssis millidə işinin yaxşı getdiyini bildirib: “Biz çox inkişaf edirik. Amma aydındır ki, keyfiyyətli, yüksək səviyyəli futbolçular baxımından bəzi struktur problemlərimiz var”.
İtaliyalı baş məşqçi daha əvvəl işlədiyi Albaniya millisindən də danışıb: “İnanıram və ümid edirəm ki, komanda Almaniyada keçiriləcək növbəti Avropa çempionatına vəsiqə qazanacaq. Əslində, buna heç bir şübhəm yoxdur. Əsas görüş Çexiyaya qarşı olacaq. Sonra Moldova və Farer adaları ilə səfər matçları daha asan keçməlidir. Düşünürəm ki, qrup lideri olmaq üçün onlarda hər şey var”.
2016-cı ildə Albaniya ilə qitə çempionatının final mərhələsinə yüksələn De Byazi hazırkı yığmanın o vaxtkı komandadan beynəlxalq təcrübə baxımından daha yaxşı olduğunu söyləyib.
Qeyd edək ki, 2020-ci ildən Azərbaycan millisinin “sükanı arxasında” olan təcrübəli mütəxəssis 2011-2017-ci illərdə Albaniyada işləyib.