Cahangir Hacıyev aclıq aksiyasına başlayıbbackend

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyev aclıq aksiyasına başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onunla mayın 2-də görüşdən sonra vəkil Fəxrəddin Mehdiyev “Amerikanın Səsi”nə bildirib.

Qeyd edib ki, Hacıyev mayın 1-dən etibarən 13 saylı Cəzaçəkmə Müəssisəsində effektiv tibbi xidmətin olmamasına və saxlanma şəraitinə etiraz olaraq bu addımı atıb.

Onun sözlərinə görə, Hacıyev qalxanabənzər vəzinin xəstəliyindən, ürək aritmiyasından və hipertoniyadan əziyyət çəkir. Vəkilin iddialarına görə, dəfələrlə müraciət olunmasına baxmayaraq, C. Hacıyev nə Penitensiar Xidmətin tibb müəssisəsinə, nə də koloniyanın tibbi-sanitariya hissəsinə köçürülüb, həmçinin son günlər Hacıyevə yaxınlarının gətirdiyi dərmanları soyuducuda saxlamağa icazə verilməyib. Vəkil bildirib ki, Hacıyev effektiv tibbi xidmət üçün şərait yaradılmasını və saxlanma şəraitinin yaxşılaşdırılmasını tələb edir.

Xatırladaq ki, C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib, Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il müddətinə azadlıqdan məhrum edib. O və daha 7 nəfər sui-istifadədə, böyük ziyan vurmaqla fırıldaqçılıqda, mənimsəmə və israfda, vəzifə səlahiyyətlərini aşmaqda, rüşvət verməkdə təqsirli biliniblər.

2018-ci il dekabrın sonlarında Baş Prokurorluq Hacıyevə qarşı böyük məbləğdə pulun mənimsənilməsi, cinayət yolu ilə əldə edilmiş vəsaitin leqallaşdırılması, vergi ödənişindən yayınma və s. maddələrlə yeni iş üzrə ittihamlar irəli sürüldüyünü bildirib. 2019-cu ilin sentyabrında məhkəmə Hacıyevin həbs cəzasına 1,5 il azadlıqdan məhrumetmə cəzası əlavə edib.

2020-ci ilin fevralında isə Bakı Apellyasiya Məhkəməsi qanunvericilikdə CM-in 179.3 (böyük ölçüdə vəsaiti mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan cəzanın yüngülləşdirilməsi ilə əlaqədar Hacıyevin həbs müddətini 3 ay azaldıb.