Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.
Əhalinin narazılığına səbəb olan əsas məsələlərdən biri də ölkəmizdə təyyarə biletlərinin qiymətinin baha olmasıdır. AZAL-ın fəaliyyəti ilə bağlı narazılıq artıq illərdir davam edirdi. Biletlərin qiymətinin baha olması vətəndaşlarla yanaşı, Milli Məclisin deputatlarının da narazılığına səbəb olub.
Bəs AZAL-ın bundan sonrakı fəaliyyətində dəyişiklik olacaqmı? Biletlərin qiyməti ucuzlaşacaqmı?AZXEBER.COM məsələ ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayevin münasibətini öyrənib.
Deputat qiymət siyasəti və digər məsələlərdə yaxın zamanda hiss ediləcək dəyişikliyin olmayacağını düşünür:

Razi Nurullayev qeyd edib ki, bu qurumun fəaliyyətində dəyişikliklərin olacağına dair insanların gözləntisi var:
“Açığını deyim ki, mən müsbət nəticə gözləmirəm. Ancaq insanların gözləntisi var. AZAL dövlətin vəsaiti ilə maaliyyələşir. Bütün təyyarələr dövlətin pulu ilə alınıb. Dövlətin pulu ilə alınması o deməkdir ki, normal xidmət görmək təyyarədən istifadə edən insanların haqqıdır. Bu gün müşahidə edirik ki, Azərbaycan xalqının əksəriyyəti AZAL-dan narazıdır. Xalq narazıdırsa, demək ki, çox ciddi tədbirlər görülməlidir. Bəs bu tədbirlər görülürmü? Kağız üzərində deyilir, danışılır, ancaq real nəticə görə bilmirik”.