Əməkdar artist Cabir İmanovun qəfil ürək tutması nəticəsində dünyasını dəyişməsi geniş rezonans doğurub. Hadisədən sonra cəmiyyətdə əsas müzakirə mövzularından biri idman zallarında baş verən qəfil ölümlərin artmasıdır. Bir çoxları hesab edir ki, fitnesdə tez-tez istifadə olunan enerji verici içkilər bu cür halları sürətləndirə bilər. Başqa bir baxışa görə isə, yaş artdıqca orqanizmin dözümlülüyü zəifləyir və bu da ölüm riskini artırır.
Bunun fonunda sual yaranır: səhhətində ciddi narahatlıq müşahidə edilməyən bir şəxsin belə qəfil ürək tutmasından vəfat etməsini tibbi cəhətdən necə izah etmək olar?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən tibbi ekspert Rasif Bağırov bildirib ki, idman zallarında hər hansı bir dözümlülük məsələsi, insanların normadan artıq müəyyən bir yüklənməyə məruz qalması və bunun nəticəsində müəyyən problemlərin meydana çıxması az ehtimal olunan səbəblərdir.
R. Bağırovun sözlərinə görə, ən böyük səbəblər ondan ibarətdir ki, praktikada da görürük ki, xəstələrin böyük əksəriyyəti vaxtı-vaxtında müayinə olunmaq istəmirlər. Çoxunun ürək nahiyəsində ağrılar olur. Yaxud da yol gedəndə təngənəfəslik yaranır. Nəticədə, həkimə gedib müayinə olunmaq əvəzinə, fikirləşirlər ki, xalq arasında da səhvfikir formalaşıb “ürək xəstələri gərək hərəkət eləsin.
Nəticədə düzgün olmayan bu yanaşmadan dolayı, ürəyi xəstə olan biri ürəyə yük verib daha da çətin vəziyyətə salmamalıdır.
Əməkdar artist Cabir İmanovun vəziyyətinə münasibət bildirən Rasif Bağırov qeyd edib:
“Kənardan baxanlar üçün deyirlər ki, heç bir problemi olmayıb. Ən düzünü xəstə özü bilir. Bəzən xəstədə ağrılar olur, amma ətrafına demir. Belə olan halda, idman zalında yüklənmə olduqda, bu yüklənməyə davam gətirə bilmirlər. Bəzən də olur ki, xəstədə təzyiq olur. Amma heç bir problem olmamış kimi gəzir. Uzun müddət həmin təzyiqlə yaşayanda, görürsən ki, anevrizma əmələ gəlir. Yəni kisə kimi ora qanın dolması müşahidə olunur. İdman edib yük verən kimi də həmin nahiyyə birdən-birə partlayır. Xəstədə qəflətən ölüm baş verir. Bu zaman heç bir şey etmək mümkün olmur. Belə hallar çox olur. Hətta, bəzən xəstənin ürək ritmində də dəyişikliklər olur. Həmin ritmi həkimə gedib düzəltmək əvəzinə, fikirləşirlər ki, gedib idman zalında hərəkət etməklə düzələcək. Bu halda da idman zalında məşq etdikdə tromblaşma əmələ gəlir. Çünki ürəyin ritmi pozulanda tromba meyllilik artır. Birdən-birə ağciyərin kökünü tutur. Belə olan halda isə xəstədə qəfil ölüm baş verir.
Enerji içkilərinə də toxunan ekspert qeyd edib:
“Enerji içkilərinin tərkibi taurindən ibarət olur. Bu da ürəyə və əzələlərə güc verən bir maddədir. Əgər o normadan artıq içilərsə, xəstələrdə allergik hallar baş verə bilir. Amma ölüm halına gətirib çıxarmır. Burada, ən əsas odur ki, xəstənin özü həmişə səhlənkarlıq edir. Özündə olan narahatlığı vaxtında müəyyən edib ortaya qoymur. Nəticədə belə hallar baş verir. Çox hallarda, genetik meylliliyi olan xəstələr də olur. Valideyn və yaxın qohumlarında xəstəlik varsa, deməli, sən bunu tez-tez yoxlatmalısan”.
Dəniz Pənahova