Maşın” şounun “Cənablar VS Xanımlar” devizi altında yayımlanacaq 15-ci surəti ilə bağlı mətbuat konfransı keçirilib.
“Maşın” şounun “Cənablar VS Xanımlar” devizi altında yayımlanacaq 15-ci surəti ilə bağlı mətbuat konfransı keçirilib.
Musavat.com xəbər verir ki, şounun aparıcısı əməkdar artist Murad Dadaşov “Maşın”ın keçdiyi tarixə qısa nəzər salıb: “Səhv etmirəmsə, “Maşın Şou” ilk dəfə 2005-ci ildə efirə çıxmışdı. Mən bir neçə telekanalda rəhbərlik səviyyəsində çalışmışam. Amma “Maşın” realiti şounun ərsəyə gəlməsi tamamilə kənar işdir. Buna fərdi yanaşdıq. “Maşın”ın ərsəyə gəlməsi böyük müzakirələrdən keçdi. Hətta uzun müddət öz aramızda kəskin fikir mübadiləsi aparırdıq. Onu da etiraf edim ki, heç bir layihəyə bu qədər hazırlaşmamışıq”.
Reailiti şounun bu dəfə baş tutacaq yubiley buraxılışının fərqli olacağını deyən şoumen iştirakçıların adını sirr saxlayıb:
“Mətbuatda iştirakçılarla bağlı yayılan siyahı düzgün deyil. Düşünürük ki, bu dəfə də fərqli və maraqlı şou ilə yadda qalacağıq. Çünki kiçik yeniliyə əl atmışıq. Digər şoularda kişilər 1 həftə qadınlara dəymirdi. Amma bu dəfə fərqli etdik. Şouda 9 kişi, 9 qadın olacaq. Əsl yarışma yaşanacaq. Sözsüz ki, gündəlik onların maraqlı qarşıdurması baş verəcək. Düşünürəm ki, bütün davaların səbəbkarı xanımlardır. Oyunu da onlar idarə edir. Adımız da bununla bağlıdır. Onu da deyim ki, bizə qalmaqal lazım deyil. Qalmaqalla reytinq yığmırıq. Qurama da heç nə yoxdur. Bütün proseslər təbii baş tutur”.
O, hədiyyə olunacaq avtomobildən də bəhs edib: ”Bu bizim 15-ci “Maşın” şoumuzdur. Çalışırıq yubiley formatına yaxın olaq. Bu dəfəki maşınımız “Nissan Altima Restyle” olacaq. Hazırda satışda olmayan avtomobilin qiyməti 60 min manatdır”.
M. Dadaşov onlar haqqında səslənən tənqidlərə də münasibət bildirib: “Maşın realiti şousu əyləncə xarakterlidir. Buna başqa gözlə baxmayın. Bu şouya baxan insanlar yaxşı tərəfini görsünlər. Əslində bizim səsini kəsdiyimiz kadrlarda heç bir söyüşdən istifadə edilməyib. Sadəcə efirdə xoşagəlməz adi sözün eşidilməsini belə istəmirik”.
Qeyd edək ki, “Maşın” şounun ilk buraxılışı 8 oktyabr tarixində efirə gedəcək. Layihənin artıq saytı da hazırdır. Orada efirə getməyən kadrlar yer alacaq. Bu dəfə hətta xarici ölkələrdən də iştirakçılara səs vermək mümkündür.