Xəbər verdiyimiz kimi, bu ilin oktyabr ayında “Azərbaycan Hava Yolları” QSC (AZAL) və onun aşağı büdcəli törəməsi – “Buta Airways” vahid brend altında birləşəcək.
Məlumata görə, birləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlər üçün sərfəli tariflərlə səyahət etmək imkanlarını daha da genişləndirəcək, eləcə də müştərilərin səyahətlərini rahat planlamasını və onlara göstərilən xidmət səviyyəsində artımı təmin edəcək.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, AZAL-ın indiyə qədərki fəaliyyəti Azərbaycan cəmiyyəti üçün faydalı sayıla bilməz:
“Bir brend altında birləşmənin hansı avantajları olacaq? İlk növbədə bunu müəyyən etmək lazımdır. Çünki cəmiyyətdə AZAL-a kifayət qədər dövlət büdcəsindən vəsaitlərin ayrılması, amma heç bir dəyişikliyin olmaması ilə bağlı rəy var. Ümid edək ki, “Buta”nın ləğv edilərək AZAL-a birləşdirilməsi daha çox vətəndaşa xidmət edəcək. Əgər vətəndaşa xidmət etsə məsələyə müsbət yanaşmaq olar”.
İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, oktyabr ayından eyni istiqamətlər üzrə daha baha qiymətlər görə bilərik:
“Əslində “Buta” şirkəti AZAL-ın törəmə şirkətidir. Formal olaraq ayrı şirkət kimi fəaliyyət göstərsə də, real olaraq AZAL tərəfindən idarə olunurdu. Ona görə də ciddi bir dəyişikliyin olduğunu düşünmürəm. Səbəbləri ilə bağlı rəsmi məlumat yetərincə deyil. AZAL rəsmiləri niyə bu qərarı aldıqlarını izah etməlidirlər. Ancaq kənardan vəziyyət çox pis görünür. Azərbaycanın yeganə formal olaraq lou-kost şirkəti “Buta” var idi. Guya ucuz qiymətlərlə insanlara xidmət göstərirdi. Onun belə ləğv olunması, AZAL brendi adı altında uçuşların daha baha qiymətə satılmasına gətirib çıxaracaq. Çünki AZAL-ın indiki açıqlamasından belə görünür. Xidmətinin daha keyfiyyətli olduğunu, uçuş zamanı isti yeməklər verdiyini, daha çox baqaj qəbul etdiyini nəzər aldığını vurğulayıb. Bunların heç biri “Buta”da yox idi”.
Ekspertin fikrincə, heç “Buta”da da qiymətlər ucuz deyildi:
“Ancaq eyni istiqamətlərdə “Buta” AZAL-a nisbətən daha ucuz uçurdu. İstər Türkiyə, istərsə də, Gürcüstan istiqamətində. Birləşəndən sonra bu istiqamətlər üzrə qiymətlərin artması gözlənilir. Çox güman ki, biz oktyabr ayından eyni istiqamətlər üzrə daha baha qiymətlər görəcəyik. Bu da ölkə üçün heç də yaxşı bir hal deyil. Əksinə, biz illərdir çağırış edirik ki, ölkədə daha çox lou-kost şirkətlər olsun, hava məkanı açılsın”.