Son illərdə dünyanın müxtəlif universitetlərində aparılan psixoloji tədqiqatlar göstərir ki, bürclərə inamın səbəbləri sadəcə “ulduzlara maraq”la bağlı deyil.
Tribunainfo.az xəbər verir ki, elm adamları bu fenomeni insan psixologiyası, təhsil səviyyəsi və sosial-mədəni faktorlarla əlaqələndirirlər. Tədqiqatlara görə, bürclərə inanma meyli daha çox intuisiya ilə düşünən, analitik təhlil qabiliyyəti zəif olan insanlarda müşahidə olunur. ABŞ Milli Səhiyyə İnstitutunun məlumat bazasında yer alan araşdırmaya əsasən, analitik düşüncə tərzi inkişaf etmiş şəxslərdə astrologiyaya inam daha azdır.
Mütəxəssislər bu hadisəni “Barnum effekti” ilə də izah edirlər. Bu effektdə insanlar özlərinə aid olmayan, lakin ümumi və pozitiv ifadələri “doğrudur” kimi qəbul edirlər. Məsələn, “sən qayğıkeş, amma bəzən inadkarsan” kimi ifadələr əksər insanlara uyğun gəldiyi üçün real təsir yaradır. Bundan əlavə, bir çox araşdırma göstərir ki, bürclər insanlara mənəvi dayaq rolunu oynayır. Məsələn, həyatın çətin və qeyri-müəyyən olduğu dövrlərdə insanlar özlərini idarəedə bilmədikləri hiss etdikdə, ulduz falı və astroloji proqnozlar onlara müəyyən nəzarət və istiqamət hissi verir. Digər tərəfdən, təhsil və intellektual səviyyə ilə astrologiyaya inam arasında da əlaqə var.
Araşdırmalara əsasən, təhsil səviyyəsi və intellekt göstəriciləri yüksəldikcə astrologiyaya inanma dərəcəsi azalır. Demoqrafik göstəricilərə görə, bürclərə inam xüsusilə qadınlar və gənclər arasında daha çox yayılıb.
Bu inancın mədəni mühit, ailə tərbiyəsi və sosial media təsirləri ilə də gücləndiyi vurğulanır. Elm adamlarının yekun qənaətinə görə, astrologiyaya inam təkcə “elmi bilik azlığı” ilə bağlı deyil. Bu inam insanların mənalılıq axtarışı, emosional sabitlik ehtiyacı və özünü tanıma istəyi ilə sıx əlaqəlidir.
Sfera.az










