“Buralar soyuq, ciyərim də xəstə, “peç”in yanından ayrılmıram”- Sabirin kədərli məktubu

“Buralar soyuq, ciyərim də xəstə, “peç”in yanından ayrılmıram”- Sabirin kədərli məktubu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan satirik şeirinin ən böyük nümayəndəsi, tənqidi realizm cərəyanının banilərindən olmuş Mirzə Ələkbər Sabirin ağır dönəmlərdə, həyatının ən ağrılı vaxtlarında  dostlarına yazdığı məktubları XX əsrin əvvəllərində Azərbaycan aydınlarının üzləşdiyi çətinlikləri göstərməkdən ötrü çox əvəzsiz materialardı.
Moderator.az  “Ürək qanı ilə yazılmış” məktublardan üçünü dilinə toxunmadan sizə təqdim edir:
 
Birinci məktub repressiya qurbanı olan böyük aktyor Abbas Mirzə Şərifzadə yazılıb:
“Ruhum, canım, Şərifzadə!
Bu gün bir həftədir Tiflisdəyəm. Şamaxı əhlindən bir namünasib yoldaşım dəxi var idi ki, onun işinə Tiflisdə surət verməyə aramızda olan qohumluq məni məcbur etmişdi. İşini bitiririk. Şimdi üç gündür ki, özü də getdi.
Faiq əfəndi məni artıq düşdüyüm mənzildə qoymayıb evə, yəni Mirzə Cəlil bəradərimgilə gətirdi. Üç gündür Mirzəgildəyəm. Sidqizadədən, məxdumunuz Əbdüləzizdən ziyadəsincə razıyam.
Bəradər! Sentyabrın birindən bu günə qədər xətəyəm. Üç ay Bakıda doktorlar qapısında, iki ay da Şamaxıda moqtorlar qapısında təzyin-həyat etdim. Dərdimə əlac bulamadım. Axir laəlac olub, müalicə üçün Tiflisə gəlmişəm. Görəyim burada sağala biləcəkmiyəm?
Doktor Rudnikovdan dava yeyirəm. Xəstəliyim qara ciyərimin böyüməsindən nəşət etmiş.
Şamaxıda ikən Mirzə Cəlildən məktub almışdım. Yazmışdı ki, fevralın on beşinə qədər Tiflisə gedəcəyik. Hələ bu vəqtə qəddər gəlməyiblər. Və Faiq əfəndi iki gündür ki, kəndə getdi.
Sizi arzu ediyorum. Tiflisə soyuqdur, peçin qırağından ayrılmayıram. Siz də kürsüdən çıxa bilməzsiniz zənn ediyorum. Pəs nasıl görüşəcəyiz, sağlıq olsun. Faiq əfəndi gedərkən mənə söylədi ki, Şərifzadəyə məktub yazdıqda məndən dua yaz və zimnən ixtar et ki, onun məktubuna cavab yazmaz isəm qiyamətmi qopar?
Baqi afiyət və səlamətlik üzə yaşamınızı niyaz edərək xətmi-kəlam ediyorum.
Qaraladığım sətirlərdən halım sizə məlum olar zənn ediyorum.
Ə. Sabir Tahirzadə Şirvani
Fevral 6, ruzi-yekşənbə, 1911
Cavab yazasınız riza ediyorum.
 
Arizi-qəmlər əlindən ki, başım şişmiş idi,
Zənn edərdim ona bəlkə edə çarə ciyərim;
Bəxti-mənhusimi gör, mən bu təmənnadə ikən
Başladı şişməye imdi üzü qarə ciyərim.
 
İkinci məktub isə satiric mətbuu orqan olan, “Molla Nəsrəddin” xəttinə sonadək sadiq qalan “Bəhlul” jurnalının kollektivinədir:
“Mətbuat aləminə qədəmgüzar olan möhtərəm “Bəhlul” jurnalımızı mən səmimi qəlbdən təbrik, dəvam və bəqasını həqdən təmənna ediyorum. Məlfufənizdə əxbar, əşar və müştəri təmənnasında bulunduğunuzdan dolayı ərz edirəm: üç-dörd ay olur ki, dükan açıb kəsbkara məşğul olduğumdan, idarələrə məlum olduğu kimi, əxbarnəvisliyi bilkulliyə tərk etməyə məcburəm.
Və kəza müştəri aramağa daha kəsrəti-məşağilimdən vəqtim qalmadığı üçün cənablarınızdan münfəiləm.
Ancaq həyatı-milliyyəmizə dair şer yazmaq ilə müavinətimizdəbulunmaqda olacağımı, yazdığım şerləri imzasız dərc etməniz şərtilə vəd ediyorum.
Eləkbər Sabir Tahirzadə Şirvani
 Bəd-əttəhir. Əfəndim! İnsafsız adamlar az deyildir;  ola bilər ki, birşəxsin, ya bir əmrin əleyhində mənim əqidəmin bərəksi olan qərəzi-şəxsiyyə, xahişi-nəfsaniyyələr sayəsində məktublar yazılsın, sizi inandırmaqdan ötrü mənim adım ilə imzalayıb göndərilməsin, siz də aldanasınız. Ona görə lazım gətirir ki, əvvələn, mənim şiveyi-xəttimə diqqət buyurub tanıyasınız vəsaniyəm, minbəd sizə göndərəcək olduğum kağızda imza qoymuyub, əvəzində sizin poçta nömrənizi yazacağam . 
 
Üçüncü məktub isə  böyük maarifçi Sultan Məcid Qənizadəyə yazılıb:
“Qoridə maarifpərvər Sultan Məcid Qənizadə hüzurlərinə!
Bəd-əssəlam, himmətzədə pərvanələri sayəsində yazdıqları məktubi-ali rəsideyi-dəsti-minnətdarımız oldu. İxtar: kəndi alış-verişimə dair rusca danışmaq, imza etmək və paketlər ünvanı yazmaq kimi şeylərə mütədirəm. Rusca qələmə alınmış yazıları layiqincə oxuya bilmirəmsə də, çap olunan kitabları bir əndazəyə qədər oxuram. Vəqt müsaidə edər isə mütaliatda, mükalimatda bulunduğumca, əmrinə kafi dərəcədə rusca yazmağa, oxumağa və danışmağa müvəffəq ola biləcəyim bədihi olsa gərək.
Metrik şəhadətnaməsi hazırdır isə də, Şamaxı şiə qazisi uyezdni olduğundan qanun mövcibincə attestat şəhadətnaməsi Bakıda qubernski qazidən alınmalıdır. Ona dəxi müvəffəq olmağım vasitə ilə olur isə Bakıda çox zəvat tapa bilərəm…
Məktubumun üzərində olan paketin rusca yazısı kəndi xəttimdir
Baqi, ixlas və məhəbblə, əfəndim.
Həqiqi dostum Firidunbəy cənablarına müxlisanə salam edirəm.
Möhtərəm əfəndim!
İki həftə bundan qabaq xüsusi məktubumla bərabər keçənlərində “Irşad”da çap olunmuş şerlərimdən bir danə göndərmişdim. Və keçən həftə Səmədovlara yazdığım xüsusi bir məktub ilə bərabər “Məmdəlinin” həqqində yeni dediyim bir şeri dəxi göndərmişdim ki, sizə yetirsinlər. Ümmid ki, vüsul olmuşdurlar. Budur, bu gün də bir şer göndəriyorum.
Əfəndim! Yavaş-yavaş dirçəlirəm. Ümidvaram ki, çox şer yazam. Baqi məhəbbət.
Qeyd: Yazıda böyük satirik şairin üslubuna toxunulmayıb.
 
Hazırladı: Elmin Nuri