Sükut hər birimizin zaman-zaman ehtiyac duyduğu bir şeydir, lakin dünyanın ən sakit otağında olduğumuz zaman dəli ola bilərik. Microsoft-un 2015-ci ildə Redmonddakı ofisində tikdirdiyi otaq -20,6 desibellə “planetin ən sakit yeri” olaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Bəs -20,6 desibel bizim üçün nə deməkdir?
Musavat.com-un xəbərinə görə, bu rəqəmi daha yaxşı başa düşmək üçün ilk növbədə qeyd etmək lazımdır ki, insanın eşitmə həddi 0 desibeldir, lakin qulağımızın eşitməməsi heç də səsin olmaması demək deyil, mənfi dəyərlər buna görə var. Məsələn, otaq temperaturunda hava molekullarının toqquşması nəticəsində -24 desibel səs yaranır.
Heç kim “səssiz otaq”da bir saatdan çox qalmağa cəhd göstərməyib. İçəri girənlər deyirlər ki, bir nöqtədən sonra başları gicəllənir.
Gələcəyin texnoloji cihazlarının hazırlandığı bu otaq kənardan gələn səsin qarşısını almaq üçün altı mərtəbə beton divarlar arasında yerləşir. “Otaq içərisində otaq” kimi təyin olunan bu binada bütün divarlar 30 sm qalınlığındadır və beləliklə 110 desibel səsin qarşısını alır.
BBC-də yer alan xəbərə görə, kub şəklində olan otağın kənarları 6,36 metr uzunluğundadır. Bütün səthlər 1,2 metr səs uducu süngərlə örtülüb. Beləliklə, səsin divarlara dəyməsi və əks-səda verməsinin qarşısı alınır. Qapıların çərçivəsində də xüsusi izolyasiyalar var. Havalandırmadan, kabel girişlərindən tutmuş yanğınsöndürmə avadanlığına qədər hər şey xüsusi hazırlanıb.
Səssiz otağın əsas xüsusiyyəti heç bir şey eşitməməyiniz deyil, bütün digər kənar səslər getdiyi üçün öz bədəninizi eşidə bilməyinizdir. Otağa girib qapını bağladıqdan qısa müddət sonra öz ürək döyüntülərinizi eşitməyə başlayırsınız, bir neçə dəqiqə sonra qan axını və sümüklərinizin necə cırıldığını eşidə bilərsiniz. Otağa girənlər deyirlər ki, xarici aləmdən səs gəlmədikdə mütləq sükut tədricən qulaqlarınızda dözülməz bir cingiltiyə çevrilir.