Bu gün Tribuna İnformasiya Agentliyi yaranmasının 14-cü ilini qeyd edir – müjdəli xəbərlərlə; 14 il nədir, hətta 14 gün əvvəl belə bu məlumatları bölüşmək yuxu kimi gəlirdisə, indi Tribuna Xankəndi, Xocalı, Ağdərə, bütün Qarabağdan qələbə informasiyaları yayır. 14 il əvvəl Tribuna işinə başlayanda ölkədə onlayn media hələ yeni-yeni addımlarını atırdı. Bu gün sayı-hesabı bilinməyən internet resurslarının, sayt bumunun və rəqabətin yaşandığı dövrdə Tribunanın meydanda qalması böyük fədakarlığın nəticəsidir. Bu, elə də asan deyil: xəbərçilik, səhih informasiya istehsalı məsuliyyətli işdir. Üstəlik, sürət əsrində, informasiya seli və operativlik dövründə gedən amansız yarışmada baş çıxarmaq, fərqlənə bilmək böyük enerji və resurs tələb edir. Yəni bura həm insan, həm maliyyə resursu aiddir. Lakin Tribuna 14 ildir ki, bu yolu məhdud komanda və məhdud maliyyə ilə uğurla gəlməkdədir. Təbii ki, hədəflər böyükdür və media sahəsində daha kreativ yeniliklər edə bilmək üçün resurslar olmalıdır. Bununla belə Tribuna hər gün saat kimi işləyir: operativ xəbərlər, analizlər, açıqlamalar, video görüntülər, dünyanın dörd bir yanından məlumatlar, sosial platformalarda çoxminlik izləyici kütləsi…Bunlar asan deyil və 14 il rahat keçmədi. Bu yolda uğurlar da oldu, uğursuzluqlar da…
Ən əsası isə adımızı doğruldub onlayn xəbərçiliyin Tribunası olmağı bacardıq. Bundan əlavə, sosial, siyasət, iqtisadiyyat sahələrində peşəkar jurnalistlər cəlb etmişik, özəl xəbər və mövzularımız bol olur. Həm də bütün bu nailiyyətlər ən minimal imkanlar hesabına əldə olunub. Kiçik resursla bu gün ölkənin sayğın, seçkin bir saytı olmuşuq. Eyni zamanda, Tribuna bu il media reyestrindən də keçib və müsabiqələrdə iştirak edir. Sözsüz ki, bu istiqamətdə də imkanlarımızı gücləndirməyi qarşımıza məqsəd qoymuşuq.
Tribunainfo.az hər zaman tərəfsiz fəaliyyət göstərib, bundan sonra da belə olacaq. Yarandığımız gündən bir şüarımız olub – bura hər kəsin TRİBUNASIDIR.
Əlişir Əhəd
Tribuna İnformasiya Agentliyinin baş redaktoru