“Bunun kökü “qeyrət” anlayışına söykənir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran rayonunun Darquba kəndində 6 günlük körpənin su quyusuna atılaraq öldürülməsi məsələsi ictimaiyyətdə ciddi narazılıq doğrurub. 

Lənkəran rayonunun Darquba kəndində 6 günlük körpənin su quyusuna atılaraq öldürülməsi məsələsi ictimaiyyətdə ciddi narazılıq doğrurub.

Anasının yedizdirdikdən sonra yuxuya getdiyi zaman beşikdən yoxa çıxan uşağın üstü taxta və daşla bağlı olan su quyusunda axtarılmasının atanın ağlına gəlməsi də insanlar arasında müəyyən şübhələr yaradır. Bu körpənin ailədə dörd ildən sonra dünyaya gələn təkrar qız övladının olması da ailədə bu qız uşağının dünyaya gəlişinə sevinməyənlərin olduğunu fikirləşməyə əsas verir. 

Məsələ ilə bağlı ictimaiyyətimizin bəzi nümayəndələrinin fikrini öyrənməyə çalışdıq. 

Pediatr Vaqif Qarayev TİA.AZ-a bildirdi ki, Sovet dönəmində yenidoğulan körpələrə qarşı belə zorakılıq yox idi: “Onda da abort var idi, amma miqyas belə deyildi. İndi ana bətnində uşaq öldürülür və ya doğulur küçəyə, zibil qutusuna, quyuya  atılır. Səbəb isə qız olduğuna görədir. Hər konkret hadisənin öz səbəbi var, lakin ölüm hadisələri kütləviləşir.
Valideynini, övladini, bacisini öldürən də,vətənini satan da kişi cinsindəndir. Bətnindəki qız övladını öldürən də qadın cinsindəndir. İndi hansi cinsi öldürək?!
Bətnindəki 3 aylıq körpənin oğlan olduğuna görə doğulana qədər tibbi sənədlərini sosial şəbəkdə paylaşan qadınlar  var. “Oğlum oldu” deyə haray çəkən kişilər var! Nə olub? Qızı niyə paylaşmırsınız və ya  ümumiyyətlə niyə paylaşırsınız?
Qız uşaqları ilk sevgi, məhəbbəti valideynlərindən görməlidir! Belədirmi?-Yox, bunun əksini hər gün görürük! İnzibati qadağalar nə qədər sərt olsa da şüurumuz, düşüncəmiz dəyişməsə bu problem aktuallığını itirməyəcək. Dövlət orqanları, QHT-lər, media daim bu problem ətrafinda maarifləndirmə işi aparmalidir”.

Bunun səbəbinə gəldikdə isə pediatr bunun çox dərində olduğunu deyir: “Bizdə valideynlər uşaqlarını nəsil artırmaq üçün, həm də mütləq oğulla artırmaq üçün evləndirirlər. Deməzdim ki, təkcə kişilər oğlan istəyir. “Mənim oğlum olmalıdı” arzusu ilə yaşayan nə qədər xanım tanıyıram və ya oğlu olmadığına görə, özünü fərsiz, təhqir olunmuş hesab edən nə qədər qadınlarımız var. Əslində gedib çıxırıq orta əsrlərə-düşmənlə vuruşmaq üçün oğul lazımdı düşüncəsinə. İndi hansı zəmandir? Bütün hallarda günah kişilərdə deyil. Qızlarımız hüquqsuzdu, cahildir. Niyə ərə getdiyinin fərqində deyil. Nə vaxt uşaq doğacağına özü qərar vermir. Evlənəndən cəmi 3 ay sonra bütün nəsil “niyə doğmursan” deyə üstünə düşür. Bəlkə də uşağı olacaqdı, amma bu stressə, psixoloji təzyiqə dözmürlər. Sifariş yaşlı nəsildən gəlir-oğlun olmaldır! Necə? nə cür? Bunu anlatmaq olmur. Səbəblər çoxdur. Əsas səbəb gənclərin müstəqil olmamasıdır”.

Ailə müşaviri Zaur Tahirsoy:”Bəzən atalar qız övladını özlərinə ayıb hesab edirlər və oğlan övladına daha çox üstünlük verirlər: 

 “Bunun kökü “qeyrət” anlayışına söykənir. Bədəvi ərəblər zamanında qız övladını diri-diri basdıran valideynlə, müasir zamanda qız övladının abortuna razılıq verən valideyn arasında sadəcə zaman fərqi var. Bu hal cəmiyyətdə qadın kişi balansının pozulmasına səbəb olur. Qarışısı alınması üçün valideynlər maariflənməli, plansız hamiləlikdən qorunmalıdırlar. Atalar unutmamalıdırlar ki, qız övladının tərbiyəsində ata sevgisi önəmli faktordu. Onları qətlə yetirib, cinayətkar olmaqdansa, sevərək ləyaqətli ata olmaq daha xeyirlidir.

Qız övladı istəməyən kişilərin bir növ cılız qeyrətli kişilər hesab edirəm. Elə özlərinin səbəb olduqları qadın əxlaqsızlığından güya qorunmaq üçün bu addımı atırlar. Təəssuf ki, İslamın “oğlan övladı nemətdir, qız övladı yaxşılıq. Nemətin hesabı var yaxşılığın savabı” və bu qəbildən onlarla bəlkə də yüzlərlə təşviqedici göstərişlərin olmasına baxmayaraq, bu hal müsəlman cəmiyyətində daha çox rast gəlinir. Eyni zamanda nəsil artımı da belə cinayətlərin baş verməsinə müəyyən qədər səbəb olur. Amma heç bir səbəb məsum körpənin qətlinə fərman verməyə əsas ola bilməz”.

Jurnalist- sosioloq Lalə Mehralı :”Azərbaycanda uşaqların cinsinə görə qətl edilməsi – selektiv abort qadağandır.  Üstəlik abortun qanuni sayılması üçün müəyyən həftəlik – yəni 12 həftədən az olması vacibdir. Bu həftədən sonra uşağın cinsiyyəti bilinir və buna görə abort edilməsi qadağan edilib. 13 həftəlik olan miniatür bir insanı “uf” demədən qətl elətdirən valideynlərin sayının yetərincə çox olduğunu da bilirik. Təxminən 6-7 il qabaq da bu məsələ müzakirə edilmişdi və USM kabinetlərinə uşağın cinsiyyətini demək qadağan olunmuşdu. Buna 3-4 ay əməl edildi və sonra həyat əvvəlki qaydasına düşdü, yenə 13-cü həftədə uşağın cinsiyyəti deyilirdi. Çünki nəzarət mexanizmi sərt olmalıdı, həkimlər öz vicdanlarının axarına buraxıldı. Rəsmi məlumatlarda hər il ölkədə 33-34 min abort edildiyi göstərilir, amma bəzi QHT-lərin araşdırmalarına görə, bu rəqəm 150-200 min arası dəyişir. Düzdür, abort statistikasında uşaqların cinsi barədə bir açıqlama yoxdur, amma doğulan uşaqların cinsiyyəti göstərir ki, ölkədə selektiv abort baş alıb gedir. Adicə istənilən bir orta məktəbə gedin, istənilən bir sinfin qapısını açın və orda oturan uşaqların cinsinə baxın. Onda görəcəksiniz ki, bizim valideynlər qız övladına qarşı necə qəddardır. Əksəriyyəti bilir ki, 13 həftəlik uşaq beyni, düşüncəsi, bütün orqanları, gözləri, əlləri, ayaqları olan kiçik bir insandır. Məlum olduğu kimi, ultrasəs müayinəsi ilə uşağın cinsinin dəqiq təyin olunması hamiləliyin 13-cü həftəsində mümkün olur. Uşağın cinsi ürəyinə yatmayan valideyn də qaçır abort otağına. Amma gəlin görün ki, mövcud qanunvericiliyimizə görə, hamiləliyin yalnız 12-ci həftəsinə bir tibbi göstəriş olmasa, ananın arzusu ilə abort etmək olar. 13-cü həftədən sonra baş tutan abortlar isə sadəcə soyqırımdır, genefondumuza, milli soyumuza qarşı təcavüzdür. Bu günlərdə ailədə ikinci övladının qız doğulmasına görə övlad qatili olan o ata da vaxtilə USM qapılarında “yatanlardan” olub. Bəlkə həkim qəsdən doğulacaq körpənin qız olduğunu deməyib, bəlkə də körpə ana bətnində cinsiyyətini göstərməyib, belə hallar çox olur, o ər də körpəni öldürməklə ikinci qızdan öz ağlınca imtina edib”.

L.Mehralının fikrincə, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna elə bir müddəalar əlavə eləmək olar ki, uşağın cinsinə görə ultrasəs müayinəsinin aparılması xüsusi tibbi göstəriş olmadığı halda qadağan edilsin: “Yaxud da selektiv abortların aparılması ciddi şəkildə nəzarətə götürülsün. Düzdür, qanun bunu bu gün də qadağan edir, amma bir çox həkimlər öz qazancını qanunun aliliyindən yüksəkdə tutur. Qanunlar tapdanır, həkimlər qazanır, valideynlər övlad qatilinə çevrilir. Qadağaya rəğmən abort edən həkim də, abort etdirən qadın da, aborta məcbur edən kişi də məsuliyyətə cəlb edilməli, ciddi cəza almalıdır ki, abort sayında ciddi azalma olsun”.


İlahə