Bundan bütün əlillər istifadə edə bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əlil” tanınma nişanından təkcə əlilliyi olan sürücülər deyil, həmçinin əlil şəxsə xidmət edən sürücülər də istifadə etməlidir. 

“Əlil” tanınma nişanından təkcə əlilliyi olan sürücülər deyil, həmçinin əlil şəxsə xidmət edən sürücülər də istifadə etməlidir.

TİA.AZ xəbər verir ki, bu fikirlərlə “Digesta” hüquq firmasının direktoru, nəqliyyat eksperti Ərşad Hüseynov çıxış edib.

Onun fikrincə, avtomobildə “Əlil” tanınma nişanından istifadəsi ilə bağlı qanunvericiliyə düzəliş olunmalıdır:

“Yol hərəkəti haqqında Qanunun 72-ci maddəsinin 5-ci bəndinə görə, “Əlil”tanınma nişanından I və II qrup əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd olan nəqliyyat vasitələrində istifadə edilə bilər. Bu zaman avtomobilin qabaq və arxasında – tərəfləri 150 mm ölçülü, daxilində 7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində xüsusi işarə olmalıdır.

Bu məsələləri tənzimləyən digər bir normativ akt isə Daxili İşlər Nazirliyinin 190 nömrəli əmri ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə” təlimatdır. Bu təlimatın 2.15-ci bəndində deyilir ki, 1-ci və 2-ci qrup əlillərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin “Xüsusi qeydlər” qrafasında əlavə olaraq “Əlil” nişanı quraşdırılmasına icazə verilir. Göründüyü kimi, qanunvericilik heç də hər kəsin, hətta 1-ci və 2-ci qrup əlilliyi olan istənilən şəxsin də bu tanınma nişanından istifadəsinə icazə vermir”.

Ə.Hüseynov qeyd edib ki, qanunvericiliyin tələblərinə görə, indi göstərilən şərtlərdən hər hansı biri olmadıqda nəqliyyat vasitəsinin üzərinə “Əlil” tanınma nişanı bərkidilə bilməz:

“Belə avtomobildə əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış olmalıdır, avtomobil I və II qrup əlillər tərəfindən idarə edilməlidir (yəni sürücü özü əlil olmalıdır), avtomobilin qeydiyyat şəhadətnaməsinin “Xüsusi qeydlər” qrafasında əlavə olaraq “Əlil” nişanı quraşdırılmasına icazə verilir” ifadəsi yazılmış olmalıdır. Bu göstərilən şərtlərdən hər hansı biri olmadıqda nəqliyyat vasitəsinin üzərinə “Əlil” tanınma nişanı bərkidilə bilməz. Yəni məsələn, konkret şəxs faktiki olaraq 1-ci və ya 2-ci qrup əlil olsa da, onun avtomobili xüsusi avadanlıqlarla təchiz edilməyibsə, ona bu tanınma nişanından istifadə hüququ verilməyəcək. bu düzgün yanaşma deyil”.

Ə.Hüseynov bildirib ki, “Əlil” tanınma nişanından istifadə ilə bağlı məsələ xüsusi aktuallıq kəsb edərsə, qanunvericiliyin şərh olunan tələblərinə yenidən baxılması zəruri olacaq:

“Məsələ burasındadır ki, dünyanın bir çox ölkələrində təkcə əlillərin özlərinin idarə etdiyi avtomobillərə yox, həm də onlara xidmət edən avtomobillərə də belə tanınma nişanı verilir. Çünki sürücülük üçün şəxsin sağlamlığı da konkret tələblərə cavab verməlidir. 1-ci və ya 2-ci qrup əlilliyi olan xeyli şəxslər var ki, onların əlilliyinə səbəb olan sağlamlığındakı məhdudiyyət sürücü olmağa imkan vermir. Belə şəxslər özləri idarə etməsələr də, onlara xidmət edəcək avtomobilin eyni güzəştdən istifadə etməsi məntiqlidir. Düşünürəm ki, gələcəkdə ən azı bu müddəa ilə bağlı qanunvericiliyə düzəliş olunmalıdır”.