Bu gün Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai İnternet” şəbəkəsinin açılışı olub.
Bu gün Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai İnternet” şəbəkəsinin açılışı olub.
Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorundan TİA.AZ–a verilən xəbərə görə, artıq bu gündən etibarən paytaxt sakinləri və şəhərimizin qonaqları Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərində pulsuz internetdən uğurla istifadə edə bilərlər.
Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərinin ictimai internetlə təchiz olunması üçün Çinin “Huawei” şirkətinin avadanlıqları (Access Point) quraşdırılıb. Sözügedən ərazi üzrə 122 qoşulma nöqtəsi mövcuddur ki, bu da təxminən 8 minədək insanın eyni anda internetə çıxışını təmin edir. Tezliklə Dənizkənarı Milli Parkın “Ağ Şəhər” ərazisi də “İctimai İnternet” şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək.
Layihə çərçivəsində bir sıra təhlükəsizlik tədbirləri, eləcə də, risklər nəzərə alınaraq proqram təminatı və şəbəkə yerli və beynəlxalq mütəxəssislər tərəfindən test edilib.
Bundan başqa, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi də pulsuz internetlə təchiz edilib. Çinin “ZTE” şirkətinə məxsus avadanlıqlarla burada 33 qoşulma nöqtəsi yaradılıb ki, bu da 2 mindən çox insana xidmət imkanı verir.
Qeyd edək ki, xüsusi yanaşma tələb edən memarlıq abidələrinin ərazilərində işlər mütəxəssis nəzarəti altında dizayna xələl gətirməmək şərti ilə xüsusi həssaslıqla görülüb.
Layihənin icrası zamanı dünya təcrübəsi nəzərə alınıb. Şəbəkənin səmərəli paylanmasını və təhlükəsizlik tədbirlərini nəzərə alaraq sürət həddi və saat limiti də beynəlxalq standartlara əsasən müəyyənləşdirilib.
İlin sonuna qədər bir sıra parkların da pulsuz internetlə təmin edilməsi nəzərdə tutulur. Bundan başqa, Heydər Əliyev Mərkəzinin parkında da bu istiqamətdə işlər həyata keçiriləcək.