Mikrosahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən 20% vergi tutulacaq. İndiyədək vergi oranı 5% idi. Olmaz, bu çox mənasız qərardır, büdcəyə bir xeyri olmayacaq, amma minlərlə mikrosahibkarı incik salacaqsız, ciblərinə girəcəksiz, onlar da məcburən “boz sxemlər” axtarmağa başlayacaqlar – sonda, bu sahədən daxil olan vergilər artmaqdansa, azalacaq.
Tribunainfo.az xəbər verir ki, bu barədə fikir bildirən iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, bu təklifi verən İqtisadiyyat nazirliyində kifayət qədər savadlı insanlar var və onlar özləri də bilir ki, vergini 5%-dən 20%-ə artırsalar büdcəyə daxilolmalar qəpik-quruş artacaq, hətta artmayacaq, azalacaq:
“İqtisadi aktivlik zəifləyib, ÜDM cəmi 0,8% artıb, bu MDB-də ən aşağı göstəricidir. İqtisadi aktivlik azalanda, zəifləyəndə, təbii ki, yeni iş yerləri də az yaranır. “Yeni iş yerləri yaratdıq”, demək üçün mikrosahibkarlara deyirlər ki, əgər gəlir vergisini 5% ödəmək istəyirsənsə, 3 nəfər işçi götür. Yəni, sahibkar öz qohum-tanışından 3 nəfər minimum əmək haqqı ilə işçi rəsmiləşdirə bilər, işçilərin DSMF ödənişləri ödəyəcəyi 15% daha çox vergidən az olacaqsa, sahibkar buna gedə bilər, yəni, formal olaraq kağız üzərində 3 iş yeri yarana bilər, iqtisadi komanda da bu kağız üzərindəki iş yerlərini təqdim edərək, “görürsünüz, biz işləyirik, ölkədə flan qədər iş yeri yaratdıq”, demək istəyirlər. Məqsəd, sadəcə budur, çünki bu təklifi verən İqtisadiyyat nazirliyində kifayət qədər savadlı insanlar var, özləri də bilir ki, vergini 5%-dən 20%-ə artırsalar büdcəyə daxilolmalar qəpik-quruş artacaq, hətta artmayacaq, azalacaq, çünki “boz sxemlər” işə düşəcək.
Deməli, bu təklifi gözə kül üfürmək, kağız üzərində iş yerləri yaratmaq, bir də iş adamlarını “boz sxemlərə” sövq edərək sonra yoxlamalar zamanı onlardan nəsə qoparmaq üçün edirlər.
Çox güman ki, gələn il bu mənasız qərarı da ləğv edəcəklər, amma 1 il sahibkarlara əziyyət verəcəklər”.