“BU YOLDA AĞIR QƏZALARIN ŞAHİDİ OLACAĞIQ” – EKSPERTbackend

“BU YOLDA AĞIR QƏZALARIN ŞAHİDİ OLACAĞIQ” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bizim sürücülər kamera və radar olmayan yerdə sürət həddini aşmağa, qayda pozmağa meyillidir. Məhz buna görə istifadəyə verilən ödənişli yolda radar və kamera mümkün qədər tez quraşdırılmalı, nəzarət gücləndirilməlidir. Yoxsa nəticələri olduqca ağır olan qəza xəbərləri çox eşitmiş olacağıq.

Bu sözləri Tribunainfo.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı yeni istifadəyə verilən ödənişli Bakı-Quba-Rusiya Federasiyası yolu ilə bağlı danışarkən deyib. Ekspert bildirib ki, müşahidə kamerası, radar, sürət həddi olmadığına görə, sürücülər elə başa düşür ki, yolda sürət limiti də yoxdur:

“Beynəlxalq qaydalara və yerli qanunlara görə, həmin yolda maksimal sürət 110 km-dir. Bu sürətdən daha yüksək sürətlə hərəkət etmək qayda pozuntusudur.


Sürücülərin bir çoxu düşünür ki, onsuz da kamera çəkmir, radar yoxdursa, istədiyimiz sürətlə gedə bilərik. Sonda nə baş verir? Əgər sürət həddinin aşılmasına görə hər hansısa qəza hadisəsi baş versə, avto-texniki ekspertiza rəy versə ki, bu qəzaya səbəb sürət həddinin aşılmasıdır, bu zaman artıq indi sevinərək həmin yolda 200-yə sürüb video paylaşanların vəziyyəti pərişan olacaq. Sürət həddini aşıb video çəkənlər elə hesab edir ki, limit qoyulmayıbsa, istədikləri sürətlə sürə bilərlər.

Yolda nəzarət mexanizmi mütləq və tezliklə qurulmalıdır. Bizim cəmiyyət qadağalara meyillidir. Görürsünüz, hətta pul ödəyirlər ki, bizə icazə verin sürət həddini aşaq. Ağır cəzalar tətbiq olunmasa heç kəs orada heç bir qaydanı gözləməyəcək. Hesab edirəm ki, ödənişli yolda polis nəzarətinin olmasına imkan yaradılmalıdır. Tezliklə kamera və radar quraşdırılmalıdır. Sürət limiti müəyyən edilməli və buna əməl edilməlidir. Sürət rejimi olduqca önəmli və həssas məsələdir”.