Bu xalçanı necə xilas etməli… — ARAŞDIRMA

Bu xalçanı necə xilas etməli… — ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

+7918 895 89 45 . Bu nömrəni yadınızda saxlayın, ya da bir yerə qeyd edin. Dostlara, tanışlara verin. Qarabağdan qaçqın düşənləri işarələyin sosial şəbəkələrdə. Bunun yiyəsi mütləq tapılacaq.

Yazını belə başlamağımız sizə qəribə gəldi bəlkə. Amma yox. Bir qədər səbrli olun lütfən. “Ölkə.Az” müdhiş bir cinayətin, erməni vandalizminin izinə düşüb.

Zaman 2018-ci il, mayın 20-si.

Məkan, Rusiya, Rostov şəhəri. Anton adlı şəxs, – yuxarıdakı onun telefon nömrəsidir- avito.ru saytına bir elan yerləşdirir.
“”Qarabağ gülü” adlı xalça satıram. Qoyun yunundan toxunub. Əl işidir. Rəngləri təbiidir. Bu xalça Qarabağda toxunub. Böyük ehtimalla 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində, Osmanlı imperiyasının süqutu ərəfəsində. Bu xalçanı Moskvada yerləşən Şərqşünaslıq muzeyinə apardım. Orada qiymətləndirdilər. Amma pasport ala bimədim. Bu xalça mənə qohumlarımdan miras qalıb. Qiymət yuxarıda yazılıb. Barter mümkün deyil. Xahiş edirəm ancaq maraqlanan şəxslər yazsın. Boş yerə narahat etməyin. Səhər saat 9-dan axşam 2-dək zəng edə bilərsiz. Yazışmalara da cavab verirəm”.

Bu xalçanı necə xilas etməli…

Zaman, 2018-ci il, bu gün.

Uzaq Sibirdə, Bratsk şəhərində yaşayan dostumuz Xəqani Xudaverdiyev həyəcan təbili çalır az qala. Məktubu olduğu kimi təqdim edirəm:
“Rusiyada bir xalça satırlar. Qarabağda 1918-ci ildə toxunduğunu güman edirəm. Üstündə 4 portret toxunub. Biri güman edirəm ki, Osmanlı sultanı Əbdülhəmid, o biri Nuru paşadır. Diğərləri ya təkrardır, ya da tanımadım. Yəqin ki, Nuru paşanın Gəncəyə gəlişi ərəfəsində toxunub. Xalçanın xüsusi adı da var-“Qarabağın qızılgülü”. Üstündəki ərəb hərfləriylə olan yazını tam oxuyan olmayıb”.

Zaman 2018-ci il, 30 may. Saat 10 radələri.

Həmin bu Antona telefon açır bu sətirlərin müəllifi. Bir milyon faiz əminəm ki, telefonunun ekranında zəngin Azərbaycandan gəldiyini görüb panikaya düşür.

– Mən Azərbaycandanam, jurnalistəm. Sizinlə xalçayla bağlı danışmaq istəyirəm.

Tam isterikadadı.

– Nə danışmaq. Nə jurnalist. Mən bilirəm siz kimsiniz. Bilirəm , bilirəm. Sizin haqqınızda Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsiylə cinayət işi qaldıracam.

Yox, deyəsən, bu sərsəmə heç nə anlatmaq mümkün deyil. Ruisiya hüququnda 159-cu maddə dələduzluğu ehtiva edir. Amma biz xalça almaq istəyirik.

Bu xalçanı necə xilas etməli…

Bu sərsəm niyə belə aqoniyadadır?

Bunun səbəbini bir azdan yazacağıq. Hələlik bir məqama qayıdaq. Təxminən iki il öncə virtual hərracda bir erməninin antik Ermənistan xalçası adı ilə satdığı Qarabağ xalçası həmvətənlimizə rast gəlmişdi. Eynən Xəqani kimi. İndi həmin xalçaların sahibləri axtarılır. Həmin xalçanı dəyərli edən amillərdən biri onu qarabağlı ananın övladı üçün toxumasıdır. Həmin xalçalar Los-Ancelesdə yaşayan azərbaycanlı həmvətənlimizin qarşısına çıxıb və o, heç düşmədən xalçaları alıb. Və bu xalçalar öz həqiqi sahibini axtararaq sonradan tapdı da.

Jurnalist Vüsalə Məmmədova deyir ki, Amerikada yaşayan soydaşımız bu xalçalara elektron hərracda rast gəlib:

“Qarabağ sözü cazib gəldiyindən, məlumata klikləyib və burada Azərbaycan dilində yazı olduğunu görüb. Məlum, bu, işğaldan sonra bizim evlərimizdən oğurlanan, talan edilən əşyalardan ikisidir. Çünki xalçaların üstündə kiril əlifbası ilə Azərbaycan dilində “Anasından övladına əbədi yadigar” deyə bir yazı var”.
Və…Və buna da diqqət!

Bu xalçanı necə xilas etməli…

Xalçaların üstündəki güllü naxışlar Qarabağda hamıya doğmadır. Demək olar ki, hər evdə bu cür xalça vardı. Hətta yerli camaat ona “güllü gəbə” deyirdi. Cəbrayıllının Böyükməracanlı kəndindən olan Rəbiyyə Şamıyevanın sözlərinə görə, Qarabağ zonasından olan qadınlar bu cür xalçaları öz oğlan övladlarının adına toxuyardılar.

“Çox vaxt, bizim öz kəndimizdə də xalça oğlanın adına toxunardı. Bunlar çətin toxunan xalçalardır, çünki ipləri nazik olur. Biz xana deyərdik həmin dəzgahın adına. Xananın qurulması və həmin xalçalar toxunması üçün gündə ən azı 3-4 nəfər lazım idi. Tək adam toxuyanda arxası kəsmə-kəsmə olardı. Amma 3 nəfər toxuyanda birbaşa arğac axıra qədər vurulardı. Çox vaxt qızların adının yazmazdılar. Əsasən oğlanların adına, xüsusilə də ailədə neçə bacının bir qardaşı olardısa, onların adına toxunardı. Bu bir növ sevgi, qadın sevgisi, ana sevgisini ifadə edirdi”.

Gül, xalça…

Lap məşhur filmdə ki “sim”, “nar” tapmacasına oxşadı eləmi.

Bir qədər də araşdırdıq.

STOP!
Axı bu xalçayla bağlı elan əvvəl bir erməninin adıyla olub. O, xalçaya 125 min rubl, təxminən 2 min dollar qiymət qoyubmuş. Və sonradan Moskvaya Şərqşünaslıq muzeyinə gedən erməni əlindəki qiymətli xəzinənin mahiyyətinə vara bilib. İndi qiymət 250 min rubldur. 4 min dollar yəni.

Bəs bu xalça onda hardandır? Axı yazmışdı miras qalıb. Anton adlı bir rusa, özü də Rostov sakininə necə miras qala bilər axı bu xalça.
Antona zəng edirik. Bir neçə cəhddən sonar dəstəyi qaldırır. Bakıdan zəng etdiyimizi bilib “Mən bu xalçanı Azərbaycana satmayacam” deyir.

Bu xalçanı necə xilas etməli…

Bəs nə həkk olunub bu dəyərli xalçada?

Araşdırmalarımız nəticəsində məlum oldu ki, bu xalça 1916-cı ildə çəkilmiş bir fotoşəkil əsasında toxunmuşdur. Fotoşəkil xalçanın əsas mərkəzi hissəsinə həkk olunub.. Xalçanın üzərindəki mətnə əsasən fotoşəkildəkilər bunlardır: “Cənabi-möhtərəm Ənvər bəy əfəndi”, “Cənab Şevkət Paşa həzrətləri”, “Cənab Yusifr İzzətdin”, “Sultan V Məhəmməd Rəşad xan həzrətləri”.

Və ilkin məlumata görə, bu xalça Şuşada toxunub. Araşdırmamız nəticəsində məlum oldu ki, qızıl gül naxışlı xalçalar məhz Qarabağın bu yerində toxunurdu.
Biz Antonla bağlı bir məqamı da araşdırdıq. Sən demə, bu Anton elə həmin ermənidir. Xalçaya azərbaycanlıların və Türkiyə türklərinin marağını görərək qiyməti iki dəfə qaldırıb.

Antonla Rusiyadan əlaqə saxlayırıq. Daha doğrusu, Moskvada yaşayan dostlardan birindən xahiş edirik ki, ona zəng edib xalçayla maraqlansın. Ohooo, qiymət artıq 300 min rubla qalxıb. Amma dostumuz tələsgənlik, bir sözlə, səbirsizlik edir.
– Siz Azərbaycanın maddi-mədəni sərvətini oğurlayıb satırsız. Bu vandalizmdir.

…Anton telefonu qapadıb…

Anton Rostovda yaşayır. Bu cür vəziyyətdə “Ölkə.Az” olaraq bizim edə biləcəyimiz bu qədər idi. Yerdə qalanı dövlət baba eləməliidir. Bu yazı dərc edilənədək xalça hələ satılmamışdı…

Bu xalçanı necə xilas etməli…