Azərbaycanda koronavirusa görə işsiz qalan aztəminatlı şəxslərə birdəfəlik 190 manat vəsait ödələnilir. Sözügedən vəsaiti alacaq şəxslər öncə işsizlik statusunu rəsmiləşdirmək üçün ilk olaraq www.e-sosial.az saytında qeydiyyatdan keçməlidirlər.
Maraqlıdır, aprelin 20-dən sonra müraciət edənlər də birdəfəlik ödəniş ala biləcəklər?
Mövzu ilə bağlı danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, vətəndaşlar karantin rejimi müddətində işlərini, qazanclarını itiriblərsə, ödəniş ala biləcəklər: “Müraciətlər araşdırılarkən bu amil əsas götürüləcək. Pandemiya ilə əlaqədar gəlirindən məhrum olan, birdəfəlik ödənişə həqiqətən ehtiyacı olanlar müraciətlərini edə bilərlər. Məlumatlar emal olunduqdan sonra onlara müvafiq cavablar veriləcək. Birdəfəlik ödənişlər karantin rejimi dövrünü əhatə edir. Ümumiyyətlə, işsiz statusu almaq üçün hansısa vaxt limiti yoxdur. Vətəndaş işsizdirsə, istənilən vaxt müraciət edə bilər. Amma birdəfəlik ödəmə məhz pandemiya ilə əlaqədar işindən qazancından məhrum olan, gəlirləri, həqiqətən də, sıfıra enənlər üçündür. Vətəndaşın əmək müqaviləsi, muzdlu işləməsi, pay torpağının olması araşdırılarkən, həmçinin müraciət etdiyi dövrdə imkanları, iş qabiliyyəti də nəzərə alınacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramının əhatə dairəsinin 3 dəfə artırılması, ümumilikdə 600 min şəxsin birdəfəlik ödəmə ilə təminatı nəzərdə tutulub.