Ekspert: “Azərbaycanda korrupsiyaya qarşı mübarizə üçün atılan addımlar göstərir ki, ortada siyasi iradə var”
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin təyin edilməsi, onların dairəsi və səlahiyyət müddətlərini tənzimləyən normalar müəyyənləşib. Bu, Prezident İlham Əliyevin fərmanı ilə qanuna edilən dəyişiklikdə əksini tapıb. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Milli Məclis tərəfindən müəyyən olunan üzvləri deputatlar, Hesablama Palatasının üzvləri və Milli Məclis Aparatının rəhbərliyi sırasından seçilir.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvləri Milli Məclisin sədrinin təqdimatı əsasında Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə seçilir.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə daxil edilməsi üçün irəli sürülən namizədlərin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.
“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamədə aşağıdakı dəyişikliklər edilib:
dövlət orqanlarında və digər qurumlarda aparılan korrupsiya risklərinin qiymətləndirilməsini təhlil edir və nəticələrinə uyğun olaraq tövsiyələr verir;
korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər və korrupsiya risklərinin qiymətləndirməsinin nəticələri barədə ictimaiyyətə məlumat verir;
Komissiya 15 üzvdən ibarətdir. Komissiyanın 5 üzvü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilir.
Komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir.
Komissiyanın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən üzvləri hüquq-mühafizə orqanlarının rəhbərləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifəli şəxsləri sırasından təyin edilir.
Komissiyanın Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən üzvləri məhkəmə, prokurorluq, ədliyyə orqanları və Vəkillər Kollegiyasının nümayəndələrindən ibarətdir. Komissiyanın sədri onun tərkibindən komissiya üzvlərinin sadə səs çoxluğu ilə seçilir. Komissiyanın digər üzvlərinin rəyinə uyğun olaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış etməməli və səsvermədə iştirak etməməlidir.
Komissiya ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
İşçi qrupların tərkibinə müvafiq sahələr üzrə qeyri-hökumət təşkilatları, media subyektləri və özəl sektorun nümayəndələri, müstəqil ekspertlər daxil edilə bilər.
İşçi qrupların hazırladığı sənədlər Komissiyanın iclaslarında müzakirəyə çıxarıla və müvafiq qərarlar qəbul edilə bilər.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Yeni Müsavat”a deyib ki, 2018-ci ildə Prezident İlham Əliyev parlamentdə çıxışında idarəetmənin daha da təkmilləşdirilməsi üçün bütün istiqamətlərdə islahatlar davam etdirildiyini bildirmişdi: “Prezident çıxışında xüsusən də idarəetmədə struktur və sistem dəyişikliklərinin baş verməsinin vacibliyini qeyd etdi. Bundan dərhal sonra idarəetmədə yeniliklər baş verdi. Əsas məqamlardan biri də korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış qurumlarda baş verən dəyişikliklər oldu. Baş Prokurorluqda yenilik oldu, eyni zamanda Korrupsiyaya qarşı Mübarizə İdarəsinin tərkibi yeniləndi. Bundan sonra korrupsiyaya qarşı mübarizə milli fəaliyyət planının konturları açıqlandı. Burada innovasiyaların tətbiqi, yeni alətlərdən istifadə, ictimai iştirakçılığın genişləndirilməsi, qərarların qəbul edilməsinin daha şəffaf aparılması, vətəndaş cəmiyyəti ilə əlaqələrin daha da dərinləşdirilməsi və sair nəzərdə tutulurdu. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin təyin edilməsi, onların dairəsi və səlahiyyət müddətlərini tənzimləyən normalar müəyyənləşməsi də o zaman elan edilən yenilənmənin davamıdır”.
Əliməmməd Nuriyev deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə üçün atılan addımlar göstərir ki, ortada siyasi iradə var: “Ötən illər ərzində korrupsiya cinayətinə yol vermiş bir çox vəzifəli şəxslər həbs edildi. İcra hakimiyyəti başçıları vəzifədən çıxarıldı, həbs edildi. Nazir və nazir müavinlərinin, idarə rəislərinin vəzifədən çıxarılması, həbs edilməsi baş verdi. Bu onu göstərir ki, korrupsiyaya qarşı mübarizə gedir. Həm institutsional dəyişikliklərin, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması, həm də bu cinayətlərə yol verənlərin cəzalandırılması prosesi baş verir. Korrupsiyaya qarşı mübarizəni effektiv etmək üçün həm preventiv üsullardan istifadə etmək, önləyici tədbirlər, sistem dəyişiklikləri həyata keçirilməlidir, həm də korrupsionerlərin həbsi vacibdir. Burada mühüm mesajlardan biri də o oldu ki, hər hansı toxunulmaz şəxs yoxdur. Dövlət məmuru vətəndaşın xidmətçisi olmalıdır. Ölkə başçısı çıxışlarında “mən vətəndaşın bir nömrəli xidmətçisiyəm” deyirsə, kadrların da xalqın xidmətçisi olması vacibdir. Bu gün təmiz insanların vəzifəyə gətirilməsi önəmlidir. Ancaq bununla bərabər, sistem dəyişiklikləri də baş verməlidir. “Korrupsiyaya aparan səbəblər, niyə bu hallar artır, genişlənir, niyə icra hakimiyyəti institutunda bu qədər dərindir” suallarına cavab tapmaq lazımdır. Deməli, idarəetmə formasının dəyişdirilməsinə ehtiyac var. İdarəetmə ilə bağlı yeni prinsiplər, idarəetmə formasının dəyişdirilməsi, yerli idarəetmənin bələdiyyələrə ötürülməsi, regional idarəetmə mərhələsinə keçid baş tutmalıdır. İcraedici qurumu regional səviyyəyə qaldırmaq lazımdır. Bu həm dövlətin xərclərinin azalmasına, həm də idarəetmədə çevikliyə gətirib çıxara bilər. Bu kimi dəyişikliklər korrupsiyaya yol açan amillərin minimallaşdırılmasına gətirib çıxara bilər”.