Barəsində ev dustaqlığı ilə bağlı qərar verilən Ramiz Mehdiyevdən sonra bir çoxları ilə bağlı da oxşar qərar veriləcəyi gözləntiləri var. Müxtəlif adlar çəkilir, iddialar ortaya atılır. Ancaq hələlik böyük bir sükut hiss eilməkddir.
Maraqlıdır, yeni həbs dalğası gözlənilirmi?
Bu barədə Tribunainfo.az-a danışan hüquq müdafiəçisi Xəzər Teyyublu bildirib ki, Ramiz Mehdiyevlə bağlı proses təkcə bir şəxsin məsuliyyətə cəlb olunması ilə yekunlaşmayacaq. Onun sözlərinə görə, istintaqın gedişindən və toplanan sübutlardan asılı olaraq, keçmiş dövlət məmurlarının və Mehdiyevin siyasi çevrəsinə yaxın olan şəxslərin də məsuliyyətə cəlb olunması mümkündür.
“Mehdiyevə qarşı ağır ittihamlar irəli sürülüb. Əgər bu maddələrin təsdiqi üçün kifayət qədər dəlil ortaya qoyularsa, o zaman prosesin miqyası daha da böyüyəcək. Hazırda rəsmi qurumların məlumatını gözləyirik, lakin görünən odur ki, məsələ sırf şəxsi məsuliyyətdən çox, illərlə formalaşmış təsir dairəsinin ifşası ilə nəticələnə bilər”.
Xəzər Teyyublunun sözlərinə görə, Mehdiyevin “çevriliş planı” iddiaları təkcə siyasi məsələ kimi deyil, həm də dövlət təhlükəsizliyi kontekstində qiymətləndirilməlidir:
“Əgər doğrudan da dövlət hakimiyyətini ələ keçirmək niyyəti sübuta yetirilərsə, bu, ölkədə son illərin ən ciddi siyasi hadisəsi kimi tarixə düşəcək. İndi əsas məsələ odur ki, istintaq prosesi şəffaf aparılsın və ictimaiyyət real faktları bilsin”.
Gülşən Rəsul