Bu prosesdə adı keçən hər kəsin – istər R.Mehdiyev olsun, istərsə də, Ə. Kərimli və ya adını bilmədiyimiz kimlər – əməli olduqca dəqiq, qərəzsiz və şəffaf araşdırılmalı, hüquqi qiymət obyektiv verilməlidir ki, nə bu ölkəni satmaq istəyən sevinsin, nə də sevən məyus olsun.
Tribuna-nın məlumatına görə, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. Son günlər ölkədə baş verən olayları dəyərlədirən partiya sədri qeyd edib ki, baş verən hadisələr olduqca üzücüdür:
“İttihamlar heç də icazəsiz mitinq, vətəndaşların istirahət hüququnun pozulması, “dələduzluq” və s. kimi ənənəvi deyil.
İlk dəfədir ki, iqtidar və müxalifət düşərgəsinin ayrı-ayrı nümayəndələri, həm də birlikdə xarici kəşfiyyatla əlbir olaraq (ittihama görə), hakimiyyəti zorla dəyişdirməyə cəhd, vətənə xəyanət kimi ağır maddələrlə ittiham olunurlar.
Üzücü olan odur ki, müstəqilliyin bərpasından 35 ilə yaxın vaxt keçsə də, xarici “ayaqları” hələ də kəsmək mümkün olmayıb.
İttiham o qədər ağırdır ki, hüquq-mühafizə orqanlarının kimisə şərlədiyi barədə fikir yürütmək sadəcə məsuliyyətsizlik olar. Azərbaycan məhkəmələri kifayət qədər ədalətsiz qərar qəbul edib, o proses bu gün də davam edir. Lakin bu nə qaçaqmalçılıqdır, nə də təhqir və böhtan, – söhbət Azərbaycana xəyanətdən gedir.
Bu prosesdə adı keçən hər kəsin – istər R.Mehdiyev olsun, istərsə də, Ə. Kərimli və ya adını bilmədiyimiz kimlər – əməli olduqca dəqiq, qərəzsiz və şəffaf araşdırılmalı, hüquqi qiymət obyektiv verilməlidir ki, nə bu ölkəni satmaq istəyən sevinsin, nə də sevən məyus olmasın”.
İ.Ağazadə bildirib ki, müstəqillik dönəminin ən ağır imtahanından keçirik:
“Milli problemlər həll, suverenliyimiz bərpa olunubsa, mütləq üzünü başqa ölkələrə çevirənlər, gözünü ordan-burdan yığa bilməyənlər, nicatı hansısa xarici ölkədən umanlar da ictimai-siyasi sektordan təmizlənməlidirlər.
Mən hər kəsə azadlıq arzulayıram, bütün dustaqları azadlıqda görmək istəyirəm. Amma ən böyük azadlıq məmləkətimin, ölkəmin azadlığıdır.
Azərbaycanın haqqına girən kim varsa, cəzasını almalıdır, yaşından, başından asılı olmayaraq…
Cinayət məsuliyyətinə cəlb olunan hər kəsin hüquqlarının qanunla qorunmasını, işinin obyektiv və şəffaf aparılmasını səlahiyyətli dövlət qurumlarından tələb edirəm.
Hüquq-mühafizə orqanları ictimaiyyətə məlumat verməli, istintaq sirri hesab edilməyən bütün məlumatlar məhkəməyə kimi açıqlanmalıdır. Bu, bir imtahandır.
İqtidar nəhayət ki, arxivləri açmalı, xarici ölkələrə işləyən və işləmiş şəxslərin dosyesini ictimaiyyətə təqdim etməlidir. Bu kimi məsələlərə son qoymağın tək yolu budur.
Azərbaycan Ümid Partiyası zorakılığı, gücü məqsədəçatma vasitəsi kimi qətiyyətlə rədd edir, hakimiyyət dəyişikliyinin tək yolunu azad, ədalətli seçkilərdə görür”.
Gülşən Rəsul










