Bu saytlarla bağlı şikayətlərə baxıldı – MŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə komissiyasının növbəti iclası keçirilib. 

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə komissiyasının növbəti iclası keçirilib.

MŞ-dan TİA.AZ-a verilən məlumata görə, komissiyanın sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Bakı Biznes Universiteti ilə bağlı «gundemxeber.az», «dosye.org» saytlarında yer almış yazıların müzakirəsi zamanı rəyə gəlinib ki, narazılıq doğurmuş hər iki material yanlış olduğu üçün sözügedən saytlardan çıxarılsın. İclasda iştirak edən cavabdeh tərəfin təmsilçiləri bununla razılaşıblar.

İkinci məsələ Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyevin «axar.az» və «publika.az» saytlarına qarşı müraciəti olub. Bununla əlaqədar bildirilib ki, cavabdeh kimi göstərilən KİV-lər şikayətçi tərəf barədə material hazırlayarkən kifayət qədər ciddi mənbələrə istinad ediblər və mövcud xüsusda onların jurnalistlik fəaliyyətində hər hansı qərəzli məqamlar nəzərə çarpmır. Habelə komissiya bu rəydədir ki, hər bir KİV məhz yayımladığı yazıda qarşı tərəfin mövqeyini nəzərə almalıdır. Bu mənada «axar.az» və «publika.az» saytları da gələcəkdə daha həssas davranmalıdırlar. Bakı şəhəri Yasamal rayonu 286 saylı tam orta məktəbin direktor müavini Aynur Adıgözəlovanın «rubrika.az» və «gundemshok.az» saytlarına qarşı müraciətinin hər iki tərəfin iştirakı ilə keçirilmiş müzakirəsi yekununda belə rəyə gəlinib ki, məsələdə hüquqi araşdırma predmeti olan məqamlar üstünlük təşkil etdiyindən ona təkrarən qayıdılsın və araşdırılması «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasına həvalə edilsin.

«Best-beff» firmasının rəhbərliyinin «qafqaznews.az», «legion.az» və «365info.az» saytlarına qarşı müraciətinin müzakirəsində bildirildi ki, hər bir KİV qarşı tərəfin əsaslandırılmış mövqeyinin dərcinə həssas yanaşmalıdır. Kəlbəcər rayonundan olan bir qrup məcburi köçkünün jurnalist Kamil Həmidovla bağlı şikayətinin araşdırılmasının yekununda rəyə gəlindi ki, tərəflər arasındakı mübahisə məhkəmə müstəvisində araşdırılmalıdır. K.Həmidov narazılıq doğurmuş məsələ ilə əlaqədar jurnalist kimi fəaliyyət göstərdiyi KİV-lərdə vəzifəsindən sui-istifadəyə yol verməyib, şəxsi mənafeyi naminə jurnalist adından yararlanmayıb. Buna görə ona qarşı şikayətdə əsaslı dəlil yoxdur.

İclasda müzakirəyə çıxarılan növbəti məsələ Bakı şəhər sakini Anar Vəkilovun «dünyapress.com» saytına qarşı müraciəti olub. Komissiya tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, cavabdeh KİV üzərinə düşən məsuliyyəti anlamaq niyyətindən tam uzaqdır. Buna görə də onunla əlaqədar daha ciddi ölçü götürülməli, adının MŞ-nin «qara siyahı»sına daxil edilməsinin mümkünlüyü üzərində dayanılmalıdır. Muğam müsabiqəsinin Münsiflər Heyətinin üzvlərinin «gununsesi.info» saytından şikayətinin müzakirəsi zamanı bildirilib ki, narazılıq doğuran material sözügedən saytdan çıxarılıb və cavabdeh KİV-ə bu sayaq yazıların təqdimatında həssas davranmaq, qarşı tərəfin mövqeyini nəzərə almaq tövsiyə olunub. Salyan Rayon İcra Hakimiyyətinin «ulus.az» saytı ilə bağlı müraciəti zamanı narazılıq doğurmuş məsələnin artıq məhkəmə müstəvisinə daşındığı vurğulanıb və ona görə də gündəlikdən çıxarılıb. Bakı şəhər sakini Azər Sərdarovun Qafqaz Xəbər Agentliyi ilə bağlı şikayətində şikayətçi tərəfə öz fikirlərinin düzgün şəkildə izah olunduğu mətni hazırlamaq, cavabdehə isə onun yayımlanmasını həyata keçirmək tövsiyə olunub.