Tovuz sakini ömrünün bir neçə ilini bu təsbehin hazırlanmasına sərf edib.
Tovuz rayon sakini Qəzənfər Nəcəfov qeyri-adi hobbisi var. O, son 7 il ərzində topladığı təsbehlərin muncuqlarını bir sapa düzərək 10,3 metr uzunluğunda təsbeh hazırlayıb. Müxtəlif rəngli, ölçülü, muncuqlardan ibarət bu təsbehin düzəldilməsində o, 2 min muncuqdan istifadə edib. Bu əl işini iki ilə hazırlayıb.
60 yaşlı Tovuz sakini qeyri-adi hobbisi barədə “Yeniavaz”a danışıb: ” 1980-ci ildən daim cibimdə təsbeh olub. Təsbeh tez-tez yaddan çıxan, əldən-ələ düşən olduğundan tez itən əşyadır. Bu səbəbdən cibimdə həmişə iki, ya üç təsbeh gəzdirmişəm. Sonradan başladım cürbəcür təsbehləri yığmağa. Harada xoşuma gələn, cəlbedici muncuqları olan təsbeh görürdümsə, qiyməti neçə olur olsun alırdım. Dostlarım da bu marağımı görüb hara gedirdilərsə, mənə təsbeh alıb hədiyyə edirdilər”.
5 il ərzində 100-ə yaxın müxtəlif ölçülü, rəngli təsbehləri yığan Qəzənfər kişi günlərin birində onların hamısını bir sapa düzməyə qərar verib. Onun təsbehində kəhraba, ebonit, tekstalit, forfor və digər materiallardan olan 2 min muncuq var. Bu təsbehi çevirib başa çıxmağa hələ heç kim cəhd etməyib. Hər birini rənglərinə, böyüklüyünə görə uyğunlaşdıran sənətkar bu işin göründüyü qədər də asan olmadığından deyir: “Bu işə başlayanda çay içmək, yemək yemək də yadımnan çıxırdı. Əvvəllər hamı etinasız yanaşırdı bu həvəsimə. Sonralar gördülər mən bununla yaşayıram, nəfəs alıram başladılar evdəkilər də kömək eləməyə. Elə olub bir neçə metr düzəndən sonra görmüşəm ki, ortada bir muncuq qarşı tərəflə düz gəlmir. Ərinməmişəm, söküb yenidən yığmışam. İndi dayanıb buna baxdıqca da rahatlanıram, dincəlirəm”.
Uzun illər qaynaqçı işləyən həmsöhbətim ehtiyatsızlıq səbəbindən gözünün birini itirib. Sonradan ikinci gözü də zəiflədiyindən bir müddət öncə əməliyyat olunub. Bu səbəbdən istəyinə ara verməli olub: “Ürəyimdən keçir daha da artırım, uzadım, amma gözüm imkan vermir hələ. Həkim bir müddət qorumalı olduğumu deyib. Buna görə hələ başlamıram. Bundan başqa uzunluğu 2,7 metrə çatan xırda muncuqlarla daha bir təsbeh də hazırlamışam. Gözüm sağaldıqdan sonra onu da uzatmaq fikrim var”.
Qəznfər kişi nə olur olsun, bu əl işini heç vaxt satmayacağını deyir: “Mən buna tək vaxtımı yox, ömrümü sərf etmişəm. İndi sanki təsbehlə nəfəs alıram. Bunu satsam, yaşaya bilmərəm”.