Bu qədər xəstəyə 1 həkim baxır – Fotobackend

Bu qədər xəstəyə 1 həkim baxır – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasının qeydiyyat şöbəsinin qarşısında uzun növbə yaranıb. Növbədə dayanan şəxslər icbari tibbi sığorta xətti ilə xəstəxanaya üz tutanlar olub.

Bunu əks etdirən foto sosial şəbəkələrdə yayılıb.

Paylaşımı edən vətəndaş fotonu 08:40-da çəkdiyini bildirib: “Mədə-bağırsaq həkiminin qəbuludur. Qeydiyyatdan deyilir ki, 20 nəfərdən artıq adam qəbul etmirik. Sumqayıtda yarım milyona yaxın əhali yaşayır olmaz ki, 3 həkim qoyulsun? Mənim bağırsağımda qanaxma varsa və bu gün 20 nəfərin içində növbə tuta bilmədimsə, sabahkı növbəyə qədər daxili qanaxmadan ölsəm, nə olacaq? Bəlkə özələ getməyə imkanım yoxdur?!”

Məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişiklik edilməsi haqqında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin 24 nömrəli 04 noyabr 2022-ci il tarixli qərarına əsasən ambulator fəaliyyət göstərən həkim üçün iş günü həddi 35 nəfər sığortaolunandan yuxarı olmamaq şərti ilə müəyyən edilib.

Lakin endoskopiya qastroenteroloq – endoskopist  tərəfindən həyata keçirildiyi üçün bu müayinə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsində də icra olunur. Endoskop insan orqanizminin boşluqlarının dəqiq, yüksək keyfiyyətli və çoxsaylı böyüdülməsi mümkün olan şəkillərinin əldə olunması imkanını yaradan müayinə metodudur və bu müayinə üçün orta hesabla 30 dəqiqə vaxt sərf edildiyindən və həkimin iş qrafikini nəzərə alsaq, tibbi xidmətin keyfiyyətinin yüksək olması və diaqnozun düzgün qoyulması məqsədilə həkim gün ərzində iş qrafikinə uyğun olaraq maksimum sayda xəstə qəbul edə bilir”.

Tibb Mərkəzindən cavabda qeyd edilib ki, planlı xəstələr növbəlilik əsasında müayinə olunur: “Vətəndaşın sağlamlığına və həyatına təhlükə yarandığı hallarda (şiddətli ağrılar, qanaxmalar, yüksək hərarət, nəfəs darlığı və s) dərhal təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə tibbi xidmətlər göstərilir. Vətəndaş bu hallarda xəstəxanaların təcili yardım şöbələrinə müraciət etməlidir.

Təcili və təxirəsalınmaz hallarda, vətəndaşa tibbi yardım tibbi göstərişə əsasən dərhal göstərilir”.

“Qafqazinfo”