Dövlət satınalmaları ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə cinayət məsuliyyəti, Cinayət Məcəlləsinin 308.2.1-ci 308.2.3-cü maddələrində nəzərdə tutulan əməllər nəticəsində xeyli miqdarda (əlli min manatdan iki yüz əlli min manatadək) zərər vurulduqda yaranacaq.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh, bu pozuntu halları Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən, dövlət satınalmaları haqqında inzibati qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb etmə müddəti 4 aydır və dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. Bu səbəbdən bu əməllər hüquq pozuntusu kimi inzibati xəta tərkibini yaratsa da məsuliyyətə cəlb etmə müddəti qısa olduğundan müvafiq tədbirlərin görülməsi bəzi hallarda qeyri-mümkün olur və həmin müddət pozuntu faktlarını özündə əks etdirən sübutların araşdırılıb, onlara hüquqi qiymət verilməsi üçün kifayət etmir.
Qeyd edilənə əsasən qanun layihəsində dövlət satınalmalar haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyətə cəlb etmə müddətinin artırılması təklif edilir və layihəyə əsasən bu sahədə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.