Bu ölkələr Rusiyanın NƏZARƏTİNƏ KEÇƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar NATO və Rusiya arasında mümkün müharibə variantları ilə bağlı silsilə məqalələr dərc olunur və hərbi oyunlar keçirilir. 

Son vaxtlar NATO və Rusiya arasında mümkün müharibə variantları ilə bağlı silsilə məqalələr dərc olunur və hərbi oyunlar keçirilir.

Publika.az ABŞ-ın “The National Interest” nəşrinə istinadən xəbər verir ki, hərbi oyunlar NATO üçün arzuolunmaz nəticələrə gətirib çıxarıb.

Böyük müharibənin ÜÇ SSENARİSİ

Hərbi oyunlara görə, müharibənin ən ehtimal edilən ssenarisi Rusiyanın Baltikyanı ölkələrə müdaxiləsidir. Nəticədə, sürətli məğlubiyyətdən sonra ABŞ və onun NATO-dakı müttəfiqlərinin əlində bir neçə ssenari qalır.

1.Bunlardan biri əks-hücuma keçməkdir. Səfərbərlik və əks-hücumun həyata keçirilməsi üçün qoşunların böyük qruplaşmasının genişləndirilməsinə xeyli vaxt tələb olunacaq. Bu ssenari ehtimal ki, qanlı döyüşlərə gətirib çıxaracaq.

2.Rusiyanı nüvə silahı da daxil olmaqla cavab zərbəsi ilə vurmaq. Hərçənd belə ssenari ağlasığmaz görünür.

3.Müvəqqəti məğlubiyyəti qəbul edərək Baltikyanı ölkələri rəqibə vermək və NATO-nu intensiv “soyuq müharibə” vəziyyətinə köçürmək. Təbii ki, ölkələrin sakinlərinin çoxu belə varianta qarşı etiraz edəcəklər. Bu ssenarinin reallaşması NATO-nu əhəmiyyətli dərəcədə zəiflədəcək və ya ümumiyyətlə qismən dağılacaq.

Rusiya NATO üçün ciddi təhlükədirmi?

Rusiyada yaradılan beşinci nəsil gözəgörünməz (“Stels” texnologiyası) qırıcı, nüvə silahlarının böyük miqdarı, hava hücumundan müdafiə sistemləri, anti-peyk silahı, sualtı gəmilər və quru qoşunlarının müasir vasitələri NATO və ABŞ üçün nə dərəcədə ciddi təhlükə təşkil edir?

Rusiya və NATO arasındakı gərgin münasibətlər bu sualı diqqətlə araşdırmağa, həmçinin silahlanmanın indiki vəziyyəti və Rusiya ordusunun texniki avadanlığının səviyyəsini öyrənməyə məcbur edir. Təbii ki, Rusiyanın hərbi manevrləri və Krım yarımadasının zəbti Pentaqonun analitiklərini Rusiya Silahlı Qüvvələrinin silahlanmanın templəri haqqında fikirləşməyə məcbur etdi. Rusiya açıq-aydın nümayiş etdirir ki, NATO-ya qarşı dayanmaq iqtidarındadır. Amma bəzi tədqiqatçılar müharibə halında Rusiyanın NATO üçün real çağırış olacağından şübhələnirlər.

Bununla belə, Rusiya hərbi planda yeni müvəffəqiyyətlərə nail olur. Pentaqonun bir çox eksperti və analitiki Şərqi Avropada NATO güclərinin vəziyyətindən narahatlığını ifadə edirlər. Onlar bu güclərin regionu Rusiyanın müdaxiləsindən qoruya biləcəyinə şübhə edirlər. Bundan başqa, Rusiyanın iqtisadi problemləri hərbi müasirləşmənin həyata keçirilməsinin və hərbi büdcənin artırılmasının qarşısını ala bilməyib. Rusiyanın adi və nüvə arsenalı “soyuq müharibə” dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Ancaq ölkə T-50 gözəgörünməz qırıcılar, həmçinin quru qoşunlar üçün yeni nəsil və ən müasir silahlar və raketlər hazırlamaqda davam edir.

“The National Interest” nəşri bu vaxtlarda Rusiya konstruktorlarının hərbi texnologiya sahəsində müvəffəqiyyətləri haqqında xəbərlər seriyasını dərc etdi. Xəbərlərdə yeni anti-peyk silahı, “Armata” T-14 tankı, hava hücumundan müdafiənin yeni vasitələri və altıncı nəsil hipersəsli qırıcısının yaradılması üzrə ilkin planlardan danışılırdı. “The National Interest” və başqa nəşrlərin materiallarında göstərilir ki, Rusiya ordunun müasirləşdirilməsinə ciddi diqqət ayırır və bu istiqamətdə əhəmiyyətli irəliləyişə nail olub.

Nəşr qeyd edir ki, Rusiya “Nudol” orbitində peykin ələ keçirilməsi üzrə müvəffəqiyyətli raket sınağını keçirib.

“Bu, yeni silahın ikinci sınağıdır. Raket kosmosda peykləri məhv etməyə qadirdir. Bu raket Rusiyanın şimalında yerləşən Plesetsk kosmodromundan buraxılıb”, – “The National Interest”in xəbərində deyilir.

Bundan başqa, nəşrin analitiki Deyv Maumdar bildirir ki, Rusiya hava desant qoşunları modernləşdirilmiş T-72B3M tankları ilə təchiz edilən altı tank bölüyünü formalaşdırmağı planlaşdırır. Növbəti iki ildə bu bölüklər batalyonun tərkibinə daxil ediləcək.

“Soyuq müharibə” dövründə Rusiyanın hərbi büdcəsi demək olar ki, ölkənin ümumi xərclərinin yarısını təşkil edirdi. Hazırda hərbi xərclər ümumi büdcənin daha kiçik hissəsini təşkil edir. Amma hərbi büdcə yenidən böyüməyə başlayır. 2006-cı ildən 2009-cu ilə qədər hərbi büdcə 25 milyard dolardan 50 milyard dollara qədər artıb. 2013-cü ildə 90 milyard dollar təşkil edib.

Öz ölçüsünə görə, Rusiyanın Silahlı Qüvvələri “soyuq müharibə” dövründə indikindən təxminən beş dəfə böyük idi. Rusiya Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə 2013-cü ildə 766 min hərbi qulluqçu var idi, ehtiyatda olan hərbi qulluqçuların sayı isə 2,4 milyon insan təşkil edirdi. Rusiyanın quru qoşunlarının şəxsi heyəti “soyuq müharibə” dövründə üç milyondan dörd milyona qədər təşkil edirdi.

Rusiya Silahlı Qüvvələrində 2013-cü il ərzində üç mindən çox təyyarə, 973 vertolyot, 15 min tank, 27 min zirehli döyüş maşını və təxminən 6 min özüyeriyən artilleriya qurğusu var idi. Rusiya ordusunun sayı “soyuq müharibə” dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalsa da, ordunun müasirləşməsi və hərbi texnikanın yaradılması üzrə səylər artır. Məsələn, 1970-ci illərdə yaradılmış T-72 tankı dəfələrlə müasirləşməyə məruz qalıb.

Hərbi-Dəniz Donanmasına gəlincə, “Globalfirepower.com” saytının qiymətləndirilmələrinə görə, Rusiyada 352 gəmi, həmçinin, bir təyyarədaşıyan, 13 esmines və 63 sualtı gəmi var. Analitiklər həmçinin qeyd edirlər ki, 80-ci illərdə Rusiya Silahlı Qüvvələri adi və nüvə silahların, həmçinin idarə olunmayan və qanadlı raketlərin böyük miqdarını alıb. Ekspertlər qeyd edirlər ki, S-300 və S-400 zenit-raket kompleksləri uyğun şəkildə müasirləşdirilərsə və istifadə olunsa, xüsusilə effektivdir.

Rusiya KİV-inin xəbərlərinə istinad edərək, “The National Interest” bildirir ki, ruslar hazırda S-500 zenit-raket sistemlərini sınaqdan keçirirlər. Sistem 200 kilometrə qədər hündürlükdə olan hədəfləri vurmaq qabiliyyətinə malikdir. Rusiya Hərbi-Hava Qüvvələrinin tərkibində 1980-ci illərdə yaradılan Su-27 qırıcıları var. Qırıcılar Rusiyanın strateji əhəmiyyətli rayonlarında yerləşdirilib. Su-27-ni F-15 Eagle Amerika qırıcısı ilə tez-tez müqayisə edirlər.

“Rand”ın hərbi oyunları

Ekspertlərin çoxu iddia edirlər ki, NATO havada və quruda müasir texnikanın üstünlüyünə əsaslanaraq genişmiqyaslı müharibədə Rusiya üzərində qələbə qazanacaq. Amma “Rand” analitik mərkəzi tərəfindən ötən il keçirilmiş tədqiqatın nəticələri göstərir ki, Rusiyanın Baltikyanı ölkələrə müdaxiləsi halında NATO fövqəladə çətin vəziyyətdə olacaq.

Qeyd edilir ki, Şərqi Avropada NATO güclərinin indiki strukturu ittifaqa Latviya, Litva və Estoniyaya Rusiya müdaxiləsinin qarşısını almağa imkan vermir.

Xüsusi halda, tədqiqatın müəllifləri NATO-nu 1980-ci illərin yüngül-yerüstü əməliyyatının konsepsiyasına oxşar strategiyanı qəbul etməyə çağırırlar. O zaman Avropada ehtimal edilən Rusiya müdaxiləsinin qarşısının alınması strategiyası çərçivəsində ABŞ-ın quru qoşunlarının bir neçə yüz min hərbi qulluqçusu yerləşirdi. ABŞ-ın Avropadakı qoşunlarının komandanlığının məlumatına görə, indi qitədə ABŞ ordusunun cəmi 30 min hərbi qulluqçusu var.

Oyunların nəticəsinə əsasən, NATO gücləri hazırkı vəziyyətdə ittifaqın ən zəif ölkələrinin ərazisini müdafiə etməyə qadir deyil. “Rand” tədqiqatında iddia edilir ki, əgər Şərqi Avropada lazımı qüvvələr yerləşdirilməsə, Rusiya Baltikyanı ölkələri 60 saat ərzində tuta biləcək.

“NATO özünün indiki vəziyyətində ərazisi ən az qorunan üzvləri müdafiə etməyə müvəffəq olmayacaq. Rusiya qoşunları 60 saat ərzində Tallin və Riqanın qapılarını döyəcək”, – tədqiqatda deyilir.

Yüngül-yerüstü əməliyyatın konsepsiyası “soyuq müharibə” illərində ABŞ və onun müttəfiqlərinin hərbi strategiyasının əsasını təşkil edirdi. Bundan başqa, strategiya mexanikləşdirilmiş quru qoşunları və aviasiya arasında dəqiq qarşılıqlı əlaqəni nəzərdə tuturdu. Belə konsepsiya çərçivəsində aviasiya öz dəqiq zərbələri ilə rəqibi zəiflətməli və arxada təchizat obyektlərini məhv etməli idi. Daha sonra isə aviasiya ilə qarşılıqlı əlaqədə olan quru qoşunlarının böyük qruplaşmaları rəqibin möhkəmləndirilmiş müdafiəsini yarmalı və dərinliyə irəliləməli idilər.

“Oyunlar göstərdi ki, yeddi briqadanın tərkibində olan qruplaşmalar, həmçinin döyüş hərəkətlərinə hazır olan və aviasiya tərəfindən dəstəklənən üç ağır tank briqadası Baltikyanı ölkələrin sürətli tutulmasının qarşısını almağa kifayət edəcək”, – tədqiqatın müəllifləri yazırlar.

“Rand”ın tədqiqatında iddia edilir ki, böyük xərclərə baxmayaraq, yeni briqadaların yerləşdirilməsi NATO üçün ehtiyacdır.

Üç yeni zirehli tank briqadanın döyüş qrupunun yaradılması Amerika ordusuna baha başa gələcək. Briqadalar üçün bütün lazımı hərbi texnika və avadanlığın alınması, həmçinin artilleriya, hava hücumundan müdafiə vasitələri və təminatın başqa vasitələri üçün 13 milyard dollar lazımdır. Tədqiqatda qeyd edilir ki, ancaq lazım olan texnikanın böyük hissəsi, xüsusilə bahalı “Abrams” tankları və “Bredli” piyada döyüş maşınları artıq mövcuddur.