Səkidə çox qaçsan, cərimə var – Slovakiyada inanılmaz qanun qəbul edildi
2026-cı ildən Slovakiyada piyadalar və skuterlər üçün 6 km/saat sürət məhdudiyyəti qüvvəyə minəcək
Slovakiyada 2026-cı ildən etibarən maraqlı bir qayda qüvvəyə minəcək: səkidə çox sürətlə hərəkət edənlər gələcəkdə cərimə oluna bilərlər. Yeni qanun elektrik skuterləri ilə bağlı qəzalardan qorunmaq məqsədi daşıyır, lakin sosial şəbəkələrdə artıq gülüş və istehzaya səbəb olub.
Tribunainfo.az Bluewin.ch-a istinadən xəbər verir ki, yeni qərara əsasən, piyadalar maksimum 6 km/saat sürətlə hərəkət edə biləcəklər. Bu məhdudiyyət skuter, elektrik skuter, velosiped və paten istifadəçilərinə də şamil olunur. Qanunun məqsədi — səkilərdə və piyada yollarında təhlükəsizliyi artırmaq və toqquşmaların qarşısını almaqdır.
Slovakiya parlamenti tərəfindən qəbul edilən bu dəyişiklik 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Sosial-Demokrat Partiyasının (Smer-SSD) üzvü, keçmiş nəqliyyat naziri Lyubomir Vaznı bildirib ki, əsas məqsəd skuterlərlə toqquşma hallarının artmasının qarşısını almaqdır.
Ancaq qanunun hətta piyadalara da şamil olunması sosial şəbəkələrdə istehzalı zarafatlara yol açıb. Bəzi istifadəçilər “Avtobusa çatmaq üçün qaçsam, radar tuta bilərmi?” kimi şərhlərlə yeni qaydanı ələ salıblar.
İmran Kərimli










